1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə
üz-üzə qalmışdı. Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz
qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş
müharibəsinə zəmin yaranması, ayrı- ayrı bölgələrdə isə separatçılıq və
parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi
varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı.
İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar
dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də
Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin
hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyir.
Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar
vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri
girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və
Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb edir.
Vəziyyət nəzarətdən çıxır. Ətraf rayonların icra başçıları zorla
dəyişdirilir. Surət Hüseynovun etiraz aksiyası məhdud Gəncə
civarlarından çıxaraq, üzü Bakıya geniş miqyas alır. Artıq vətəndaş
müharibəsi başlanmışdı. Ölənlər və yaralananlar var idi. Dövləti məhv
olmaqdan xilas etmək iqtidarında olmayan iqtidarın yeganə çıxış yolu
qalır-Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi bakıya dəvət etmək.
Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə
Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncədə baş
verənlərlə bağlı arayış verir. Beləliklə, iyunun 15-də Milli Məclisdə
Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri
seçilir.
Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə
Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və
Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən
hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.