18 dekabr Məhərrəm ayının əvvəli, Hüseyn əzasının başlanması günüdür
[
]
2009-12-18, 3:15 PM
Əyyami məhərrəm-səfər yaxınlaşmaqdadır.
Bu bir əyyamdır ki, Həzərt Peyğəmbərimiz (s) və Əhli-beyti (ə) bizlərə
bu günləri yaşatmağı vəsiyyət etmişlər. Hüseyni (ə) olan, Kərbəlası,
Zeynəbi (s.ə.) olan ümmət ölməzdir, daima diridir. Hüseyni (ə) olan
ümmət rəhm bilər, şəfqət bilər, məhəbbət bilər, səbr və dözüm bilər.
Hüseyni (ə) olan ümmət özünü tanıyar, Rəbbini, Kitabını tanıyar.
Bəs elə isə bir-birini əvəzləyən yeksənək günlərin çərçivəsindən
çıxmağı bacaraq. Ruhumuza bir Kərbəla diriliyi bəxş edək. Ruhun qılınca
qalib gəldiyi əyyamlarda biz də nəfsani istəklərə, mənəvi, əxlaqi
qüsurlara qalib gələk. Fitrətdə olan Rəbbə qovuşma eşqinə cavab verək,
təvəlla-təbərramızda, əmr-be-məruf və nəhy-əz-münkərimizdə diqqətli və
ardıcıl olaq. Allaha xatir sevək və Allaha xatir pisləyək.
Artıq neçə illərdir ki, mömin və möminələr Hüseyn (ə) Aşurasına olan öz
məhəbbətlərini xəstə körpələrə qan ehsan etməklə təzahür edirlər.
İnşAllah, bu il də bu imkan Mütəal Allah tərəfindən qismət olar. Allah
Təala Hüseyn (ə) yolunda, Əbəlfəz (ə) yolunda, Əliəsğər (ə) yolunda
verilən bu gözəl ehsanları qəbul etsin, inşəallah!
Bu il məhərrəm əyyamının başlanğıcı xalqımızın qan yaddaşına həkk
olunmuş 20 yanvar faciəsinin 17-ci ildönümü ilə eyni günlərə təsadüf
edir. İnşəallah, qədirbilən, Hüseyn (ə) tanıyan xalqımızın verdiyi bu
əziz şəhid qanı yerdə qalmaz, yağı düşmənin tapdağı altında inləyən
müqəddəs Vətən torpaqları tezliklə azad olar!
Bir məsələni də əziz iman əhlinin nəzərinə çatdırmağı zəruri hesab
edirik. Aşura məfkurəsinin yaşanması, İmam Hüseyn (ə) üçün keçirilən
əzadarlıq məclisləri ilə vücudi surətdə bağlıdır. Əslində, bu əza
məclislərini yaşatmaq, iki mübarək niyyətə xidmət edir: birincisi,
Aşura məktəbinin şücaət və yenilməzlik, zülmə baş əyməmək, yaxşılığa
dəvət edib, pisliklərdən çəkindirmək dərslərini cameədə yaşatmaq, və
eyni zamanda, Hüseyn (ə) müsibətindən qəhərlənən qəlbin riqqəti ilə
daxili aləmi paklaşdırmaq, tövbə və istiğfar halətində İlahi hüzurda
bəndəçilik zirvəsinə qalxmaq.
Allahım! Bizlərə dünyada İmam Hüseynin (ə) əzadarlığını, axirətdə o Həzrətin şəfaətiini qismət et! AMİN!
NİYƏ MƏHƏRRƏMLİYİ ƏZİZ TUTMALIYIQ?
Şəhidlər sərvəri İmam Hüseyn əleyhissəlamın əzadarlıq günlərinin
yaxınlaşması münasibəti ilə İmam Zaman (ə.f.) həzrətlərinə, hörmətli
alim və müctehidlərə və eləcə də İmam Hüseyn (ə) məktəbinin bütün
ardıcıllarına başsağlığı verirəm! Allah Təala bizləri dünyada İmam
Hüseyn əleyhissəlamın ziyarət və himayəsindən, axirətdə şəfaətindən
məhrum etməsin! Amin!
Bu günlər Aşura hadisəsi, eləcə də İmam Hüseyn (ə) məktəbi haqda bilik
və mə`lumatımızı artırmaq üçün əlverişli bir fürsətdir. Yaxşı olardı
ki, bu fürsətdən istifadə edərək, İmam Hüseyn əleyhissəlamın qiyamı ilə
əlaqədar, əksəriyyətin, xüsusilə də yeniyetmə və gənclərin zehnində
yaranan bir çox şübhə və suallara aydınlıq gətirək.
Ümid edirik, bu kimi araşdırmalarla İmam Hüseyn (ə) və onun böyük
qiyamı haqda mə`lumatlarımızı artıraq, gənclərin mühüm tarixi
hadisələrlə tanışlıq səviyyəsini genişləndirək və bu mə`rifət dəryasına
baş vurmaqla həm dünyamız, həm də axirətimiz üçün faydalı nəticələr
əldə edək. İnşallah!
Mə`lum məsələdir ki, fikri inkişaf dövrünə yenicə qədəm qoymuş bir
gənc, ətrafında baş verən ictimai məsələləri dərk etmək, onların
səbəblərini öyrənmək və bu məsələlər barədə aydın təhlil aparıb, düzgün
nəticələr əldə etmək istəyir. Yeniyetmələr Məhərrəm ayında hər yerdə
məclislər təşkil olunduğunu, əhalinin qara paltarlar geyindiyini, qara
bayraqların dalğalandığı və insanların dəstə-dəstə yığışıb əzadarlıq
etdiyini müşahidə edirlər. Sinə döyən kim, dizinə vurub ağlayan kim...
O başqa günlərdə, eləcə də digər cəmiyyətlərdə buna bənzər hadisələrin
şahidi olmadığından, təbii olaraq, bə`zi suallarla rastlaşır: «Görəsən
bu mərasim hansı məqsədlə keçirilir?», «Nəyə görə insanlar qara paltar
geyinməli və bu mərasimlərdə dizlərinə, sinələrinə döyməlidirlər?», «Bu
qədər göz yaşı axıtmaq nəyə lazımdır?» və s.
Gənclərin və yeniyetmələrin verdiyi bu kimi suallar adətən belə
cavablandırılır: «Şəhidlər sərvəri İmam Hüseyn (ə) Allah yolunda,
İslami dəyərlər uğrunda şəhid olmuşdur, bu səbəbdən də biz onun
xatirəsini yad edib, göz yaşı axıtmalıyıq»; «İmam Hüseynə (ə) matəm
saxlamağın savabı vardır»; «o Həzrət bu əzadarlıqların əvəzində Qiyamət
günü bizə şəfaət edəcəkdir» və s.
Bir anlığa özümüzü yeniyetmə fərz etsək, qarşılaşdığımız suallara verilən bu kimi bəsit cavablarla qane olmayacağıq.
Bu məsələ ətrafında qarşıya çıxan sualları ümumi şəkildə dörd hissəyə
bölmək olar. Hər suala ayrı-ayrılıqda cavab verməklə, əziz gənclərimizi
Aşura mərasimi ilə daha yaxından tanış etmək, onların bu mühüm məsələ
barədə olan mə’lumatlarını artırmaq və bu hərəkat haqda baxışlarını
aydınlaşdırmağa çalışacağıq.
Görəsən nəyə görə məhərrəmliyi əziz tutmalıyıq?
Nəyə görə 1360 il bundan qabaq baş vermiş bir faciəni yad etməli və
mərasimlər keçirməklə, o hadisənin xatirəsini canlı saxlamalıyıq? Bu
faciə neçə əsr bundan qabaq baş vermiş bir hadisədir; zaman keçir,
dövran dəyişir, artıq olan-olub, keçən-keçib. 14 əsr keçdikdən sonra
həmin hadisəni bir daha yaddaşlarda təzələyib, mərasimlər təşkil
etməyin nə lüzumu vardır?
Bu sualın cavabı elə də mürəkkəb deyildir. Hər hansı bir yeniyetməyə
çox asanlıqla başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm
hadisələr, həmin xalqın gələcək həyatında, müqəddəratında böyük izlər
qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi,
həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən
canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad
edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır,
qarşılaşdıqları problemlərin həllində, gələcək həyatın düzgün
qurulmasında xalqa yardımçı olur. Mə`lum məsələdir ki, həmin hadisə
tarixin faydalı və şanlı səhifəsidirsə, onun yenidən yad edilib,
canlandırılması insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılayacaq.
Ümumiyyətlə, bütün xalqlarda bir növ keçmiş hadisələri xatırlamaq, uca
tutub onları hörmətlə yad etmək adəti vardır. İstər cəmiyyətin
inkişafında müsbət rol oynamış şəxsiyyətlər, böyük alimlər və
tədqiqatçılar, istərsə də xalqının azadlığı uğrunda ictimai-siyasi
səhnədə mübarizə aparmış millət qəhrəmanlarının xatirəsi şərəflə
anılır, yad edilir. Dünyanın bütün ağıl və məntiq sahibləri belə
şəxsiyyətlər üçün yubileylər, xatirə gecələri və müxtəlif tədbirlərin
keçirilməsi zərurətini müsbət qəbul edirlər. Bu iş bütün insanların
xarakterik xüsusiyyəti və ən müqəddəs fitri istəklərindən biri olub,
"haqqı tanımaq hissi"nə əsaslanır. İnsanlar bəşəriyyətə, ayrı-ayrı
cəmiyyətlərə və ya fərdlərə xidmət göstərmiş şəxslərin xatirələrini yad
etməklə, bir növ onların haqlarını ödəyir, təşəkkür və
minnətdarlıqlarını bildirirlər. Həmin xatirələr yad edilərkən, xüsusilə
də əgər, həmin hadisələr cəmiyyətin səadət və xoşbəxtliyi yolunda
tə’sirli olubsa, digər tə’sirli amillər də ona artırıla bilər. Bu
halda, sanki o hadisələr yenidən canlanmış olur.
Bildiyiniz kimi, Aşura qiyamı İslam tarixinin böyük hadisələrindən
biridir. Bu hadisənin müsəlmanların səadəti və eləcə də digər xalqların
haqq yolunun işıqlandırılmasında çox mühüm və həlledici rolu olmuşdur
və olmaqdadır. Bizim nəzərimizdə bu adi bir faciə deyil, tarixin
olduqca dəyərli və önəmli bir hadisəsidir. Onun bir daha yad edilib
xatırlanmasının ictimaiyyətimizin qarşılaşdığı gərgin problemlərin
həllində özünəməxsus rolu vardır.
Gənclərin verdikləri sualların qarşısında bu kimi cavabları gətirməklə,
onları qane edə bilərik ki, keçmişdə baş verən bə’zi hadisələrin
yenidən dirçəldilməsi tam mə`nada məntiqi bir işdir; belə bir tədbirin
cəmiyyətin ümumi mənafeyinə uyğun olmasını bir kimsə inkar edə bilməz.
Bu hadisə, baş verdiyi dövrdə həmin cəmiyyətə nə qədər böyük tə’sir
göstərmişdisə, onun bu günümüzdə yad edilməsi də mövcud cəmiyyətlər
üçün bir o qədər faydalı və tə’sirli ola bilər. Nə üçün Aşura hadisəsini elmi seminarlar, yubiley və konfranslar keçirib yad etməklə kifayətlənmirik?
Əvvəldə göstərdiyimiz ümumi sualın təhlilindən qarşıya çıxan ikinci
məsələ budur ki, Aşura hadisəsini yad etmək, heç də yalnız sinə vurub
ağlamaq, şəhəri, məscidləri qara örtüyə bürümək, əzadarlıq etmək və
bütün işləri buraxıb, səhərdən axşama qədər mərasimlərdə iştirak
etməkdən ibarət deyil. Bunun nəticəsi bir çox işlərə, xüsusilə də
iqtisadi sahəyə zərər vurur. Halbuki, bu mərasimləri digər şəkildə də
təşkil etmək olar.
Bu mərasimlərin kütləvi şəkildə keçirildiyi ölkələrdə xalqın
əksəriyyəti müvəqqəti olsa da, iqtisadi və maddi məsələlərlə az
maraqlanır və bu tədbirlərə daha artıq diqqət yetirirlər. Belə bir
halda insanlar bu hadisəni iqtisadi, maddi zərər və mənafelər
baxımından araşdırıb qiymətləndirirlər. Mümkündür ki, hələ kifayət
qədər dini anlayışı və mə’lumatı olmayan bir yeniyetmə belə
fikirləşsin: Bu kimi mərasimlər iqtisadiyyata və maddiyyata zərər
vurur, istehsal azalır, vaxt itirilir. Gecələri sübhə qədər əzadarlıqla
məşğul olduqda isə, səhəri gün iş görməyə qüvvə qalmır. Ardıcıl olaraq,
iki ay bu hadisənin anılması cəmiyyətin iş rejimində fasilələr yaradır,
ümumi göstəricilərin faizi aşağı enir. Halbuki, Məhərrəmliyin
xatirəsini başqa yollarla da yad etmək olar. Məsələn, bu məqsədlə elmi
yığıncaqlar, dəyirmi masalar, yubiley və seminarlar da təşkil etmək
olar. Əzadarlıq etmək təkcə ağlayıb-sızlamaq, baş-gözünə döyməkdən
ibarətdirmi? Bir toplantı kifayət etmirsə, bir neçə yığıncaq təşkil
olunsun, konfranslar keçirilsin. Məgər, hər hansı bir hadisənin yad
edilməsi üçün hökmən camaat başına-sinəsinə vurmalı, özünə əziyyət
etməlidir?
Aşura hadisəsi və İmam Hüseyn əleyhissəlamın xatirəsinin yad
edilməsinin faydalı olduğunu və cəmiyyətimizə müsbət tə’sir qoyduğunu
qəbul etsək, qarşıya çıxan ikinci sual budur ki, nə üçün mərasimlər
məhz bu şəkildə keçirilməlidir?
Bu sualın cavabı birinci sualdan daha çətindir. Cavab budur ki,
əlbəttə, şəhidlər sərvəri İmam Hüseyn əleyhissəlamın şəxsiyyəti barədə
belə konfransların keçirilməsi, elmi seminar və mədəni yığıncaqların
təşkili, tədqiqatların aparılması olduqca faydalı, həm də zəruridir. Bu
kimi yığıncaqlar indi də keçirilir; o Həzrətin adı ilə bağlı müxtəlif
səviyyəli elmi söhbətlər olunur, tədqiqatlar aparılır və xalq da
bunların nəticələrindən istifadə edir. Bu kimi fəaliyyətlərin davam
etdirilməsi lazımlı bir işdir. Amma Aşura hadisəsindən yetərincə
faydalanmağımız üçün bunlar kifayət edirmi? Bəlkə başqa işlər də
görülməlidir?
Bu suala cavab vermək üçün ilk növbədə insanlara psixoloji
nöqteyi-nəzərdən diqqət yetirməli, onların şüurlu rəftarlarına tə’sir
edən amillərin yalnız dərketmə, yoxsa ictimai davranışlardan ibarət
olmasını araşdırmalıyıq.
Bir qədər diqqət etsək görərik ki, bizim rəftar və davranışlarımızda
daha çox iki növ tə`siredici amil mühüm rol oynayır. Birincisi,
dərketmə amili olub, insana müəyyən mövzunun başa düşülüb qəbul
edilməsində kömək edir. Təbiidir ki, nəzərdə tutulan mətləbin elmin
hansı sahəsinə aid olmasından asılı olaraq, ona uyğun əqli, təcrübi
dəlillər və ya digər yollardan istifadə edəcəyik. Şübhəsiz, dərketmənin
bizim davranışlarımızda böyük tə’siri vardır. Amma e`tiraf etmək
lazımdır ki, bu üsul yeganə tə’sirgöstərici amil deyildir. Rəftar və
davranışımızda dərketmə amilindən daha çox tə’sirli olan digər amillər
də mövcuddur. Belə amilləri ümumilikdə, təhrikedici hisslər, başqa
ifadə ilə desək, duyğu hissləri, meyillilik, qəlbi yönəlmə
adlandırırlar; bunlar daxili, psixoloji amillər olub, davranışlarımıza
əsaslı tə’sir göstərən məsələlərdəndir. Fərdi və ya ictimai olmasından
asılı olmayaraq, gündəlik rəftar və davranışlarımıza diqqət yetirsək
görərik ki, tə`sirinə daha çox mə`ruz qaldığımız amillər əsas e`tibarı
ilə təhrikedici amillərdir.
Əvvəla, hər hansı bir işi görmək üçün insanın daxilində həmin işə qarşı
maraq, şövq və həvəs olmalıdır. İkincisi, həmin işin yerinə yetirilməsi
üçün qarşıya məqsəd qoyulmalıdır. "Bu işin faydası nədir?", "Necə
görülməlidir?" və bu qəbildən olan digər səbəblər dərketmə amilləridir.
Bu amillər təcrübə yolu ilə və ya məntiqi dəlillərlə diqqətlə
araşdırılıb öyrənilməlidir. Amma hər hansı bir işin icra edilməsi üçün
təkcə məqsədin və tə`siredici amillərin bəlli olması kifayət etmir.
İmamın (ə) da öz hədəfi yolunda göstərdiyi fədakarlıqlar haqda yalnız
müəyyən anlayışa malik olmaq, bizi onun işinə oxşar bir iş görməyə,
yolunu getməyə sövq etdirməyəcək. Təkcə bilmək və ya mə’lumat əldə
etməklə, insanda belə bir meyl yaranmır. İnsandan yüksək əzm və iradə
tələb edən bu kimi işləri görmək üçün hisslərimiz təhrik olunmalıdır.
Bu işlərin əməli olaraq həyata keçməsi həmin iki əsas amildən asılıdır.
Elmi yığıncaq və çıxışlar birinci növdən olan amilləri tə’min edə
bilər; yə’ni lazım olan bilik və mə’lumatı çatdırmaqda bizə yardımçı
olar. Bununla yanaşı, daxili hiss və meyilləri gücləndirəcək digər
amillər də lazımdır. Mə`lum məsələdir ki, insanın hər hansı bir
hadisəni yaxından müşahidə etməsilə, o hadisə haqqında eşidib və ya
oxuması arasında çox fərq vardır. Bunu real həyatda da təcrübə etmək
olar. Müşahidə etmədiyiniz hər hansı bir hadisə haqqında eşitdiyiniz
mə`lumatın sizdə yaratdığı tə`sir ilə, həmin hadisəni öz gözlərinizlə
görəcəyiniz zaman yaradacağı tə`sir arasında fərq olacaqdır. Təbiidir
ki, gözlə müşahidə edilən hadisə insanda daha çox təəssürat yaradır.
Buna misal olaraq, Qur’ani-Kərimdən hamınızın eşitdiyi bir əhvalatı
qeyd etmək istərdim: "Bildiyiniz kimi, Həzrət Musa əleyhissəlam Allah
tərəfindən, ibadət etmək üçün Tur dağına də’vət edilir. Əhaliyə də
əvvəlcədən xəbər verilir ki, Musa əleyhissəlam orada bir ay qalacaq.
Allah Təala sonradan bu müddəti artırıb qırx günə çatdırır. Xalq isə
müddətin uzadılmasından xəbərsiz idi. Bu, Bəni-İsrail qövmünə, onların
həqiqətdə imanlarında nə qədər sabit olduqlarını göstərmək üçün nəzərdə
tutulmuş bir imtahan idi.
Müddət başa çatan kimi Bəni-İsrail qövmü Həzrət Musa əleyhissəlamın
canişini və qardaşı olan Harunun yanına gedərək, onun nə üçün gəlib
çıxmadığını soruşur. Harun isə cavabında belə deyir: "Gözləyirik,
tezliklə gələr". Səhər olur, Musa əleyhissəlam gəlib çıxmır. Yenidən
soruşurlar: "Musa (ə) niyə gəlmədi? Gecikməyindən belə mə’lum olur ki,
bizi tək qoyub, özü çıxıb gedibdir". Samiri isə fürsətdən istifadə
edərək bir buzov heykəli düzəldir və camaatı da ona ibadət etməyə
də’vət edir: " Bu həm sizin, həm də Musanın Allahıdır. Bu həmin
Allahdır ki, Musa Tur dağında onunla münacat edirdi. Mənim düzəltdiyim
bu buzov elə Musanı peyğəmbərliyə seçən Allahın özüdür".
Camaatın əksəriyyəti buzovun qarşısında səcdəyə düşüb, ona sitayiş
etməyə başlayır. Allah Təala Musa əleyhissəlama vəhy göndərir ki, sənin
qövmün arasında belə bir iş olubdur. Gecikdiyin bu on gün ərzində
camaat inəkpərəst olublar. Musa əleyhissəlam bu sözləri eşitsə də,
narahatlığını biruzə vermir. On gün başa çatdıqdan sonra Allahdan nazil
olmuş lövhəni də götürüb camaatın yanına qayıdır ki, nazil olmuş ilahi
hökm haqqında xəbər versin və onları ilahi şəriətə əməl etməyə
çağırsın. Qayıdan zaman camaatın buzova ibadət etdiyini görür. Bu
mənzərə onu o qədər mütəəssir edir ki, əsəbləşərək gətirdiyi lövhəni
bir kənara atır. Qardaşı Harunun yanına gedir; onun yaxasından yapışır,
özünə tərəf çəkir və camaatın yolundan azmasına niyə izn verdiyini
soruşur".
Həmin əhvalatı burada təfsilatı ilə nəql etmək istəmirəm. Sadəcə
olaraq, hər hansı bir şey haqda mə’lumat və anlayışa malik olmaqla, onu
müşahidə etməyin fərqini göstərmək istəyirdim. Allah Təala Həzrət Musa
əleyhissəlama qövmünün buzova pərəstiş etməsi məsələsini xəbər
vermişdi. Həzrət Musa əleyhissəlamın da bu məsələdə heç bir
şəkk-şübhəsi yox idi. Çünki, xəbər verən adi bir kimsə deyil, Allahın
özü idi. Xəbəri eşidəndə o qədər də narahat olub əsəbləşmədi. Lakin
camaatın buzova sitayiş etdiyini öz gözləri ilə müşahidə etdikdə,
dərhal halı dəyişir və qəzəblənir. Qardaşının yanına gedərək, ona öz
e’tirazını bildirir.
Allah Təala insanı elə yaradıb ki, bir hadisəni müşahidə etməyin
doğurduğu tə’sir və təəssürat, deyilənlər, eşidilənlər və mə’lumatlarla
yaranan tə`sirlə kəskin şəkildə fərqlənir. Biz hər hansı bir hadisəni
səhnələşdirsək, istər xalq folkloru formasında olsun, istərsə də müasir
film və ya tamaşalar şəklində, bu səhnələr nəzərdə tutulan əhvalatı
təcəssüm etdirə bilirsə, bunların insanda qoyduğu tə’sir digər
üsullardan qat-qat üstündür. Aşura günü İmam Hüseyn əleyhissəlamın necə
şəhid olduğunu hamımız yaxşı bilirik. Amma bunu bilməklə qüssələnib
ağlamırıq. Lakin mərasimdə iştirak etdikdə, mərsiyəxanların xüsusi
ahəng və hərəkətlə nümayiş etdirdiyi Kərbəla əhvalatını eşidərkən,
ixtiyarsız olaraq kövrəlirik, gözlərimiz yaşarır. Bu üsulun insanın
hisslərini təhrik etməkdə böyük tə’siri vardır. Bu səhnələrin nümayişi
İmam Hüseyn əleyhissəlamın qiyamının nə üçün və necə baş verməsi, necə
şəhid olmasını daha dolğun şəkildə öyrənib-bilməyimiz üçün
əlverişlidir. Bunları biz nə qədər yaxşı təcəssüm etdirə bilsək, bir o
qədər Aşura mədəniyyətindən faydalanmış olacağıq.
İnsanlar Məhərrəmliyin ilk günü evlərindən bayıra çıxarkən, şəhərdə
ayrı bir görkəm və əhval-ruhiyyə görürlər. Bu da onlarda xüsusi tə’sir
oyadır, ürəklərini riqqətə gətirir. Aşura gününün yaratdığı
əhval-ruhiyyə və təəssüratı digər aylarda müşahidə etmirik.
Tarixdə bu hadisənin tə’siri ilə zalım rejimlərə qarşı neçə-neçə
qiyamlar, çıxışlar olub. Elə buna görədir ki, İslamın böyük simaları
dəfələrlə buyurmuşlar: "Bizim nəyimiz varsa, Məhərrəm və Səfər
aylarının bərəkətindəndir."
Nəyə görə əzadarlıqların məhz bu şəkildə keçirilməsinə israr edilir?
Çünki, artıq on üç əsrdir ki, bu səhnələrin, xalqların milli-dini
hisslərinin təhrik edilməsində böyük rolu olduğu təcrübə olunmuşdur.
Baş vermiş müharibələrdə qazanılan bir çox qələbələr, məhz xalqın
Hüseyn adı və Hüseyn hərəkatından bəhrələnib, böyük şövq və şücaətlə
vuruşması nəticəsində olmuşdur. Bunun tə’siri az deyildir; cəmiyyətdə
belə bir ruhiyyə yaradan ikinci amil vardırmı? İnsanları dininin,
millətinin tapdalanmış haqları yolunda mübarizəyə səsləyən və şəhadətə
hazırlayan ikinci bir məktəb vardırmı?
Beləliklə, mə’lum oldu ki, əzadarlıq mərasimləri Aşura hadisəsi haqda
müəyyən mə`lumat və anlayış yaratmaqdan əlavə, bizdə rəğbət, müsbət
əhval-ruhiyyə və s. ülvi hisslərin oyanmasında da mühüm rol oynayır.
Aşura ilə əlaqədar nəzərdə tutulan mərasimlər də belə amillərdəndir.
Aşura hadisəsinə görə nə üçün əzadarlıq etməliyik?
Cəmiyyətin İmam Hüseyn ruhunda tərbiyə olunub, bu hadisənin müsbət
tərəflərini görmələri, bu növ işlərə təşviq olunmaları üçün, onların
müvafiq hisslərinə tə’sir edən amillərin araşdırılması zəruri
məsələlərdəndir. Amma burada diqqət edilməsi lazım olan digər bir mövzu
da var. Görəsən bu hissləri təhrik etmək üçün əzadarlıq edib ağlamaq
yeganə yoldurmu? Hətta bayram əhval-ruhiyyəli mərasimlərdə də
insanların bu kimi duyğularına tə’sir edilməsi mümkündür. Biz
İmamlarımızın mübarək doğum günü münasibətilə keçirilən şənlik
mərasimlərində də xalqın daxili duyğularının həyacana gəldiyini
dəfələrlə müşahidə etmişik.
Üçüncü sual budur ki, duyğuların təhrik edilməsində bu kimi şən
mərasimlərdən istifadə olunurmu? Niyə ağlamalıyıq, sinə vurmalıyıq?
Gəlin bunların əvəzinə bayram məclisləri keçirək, şirni, noğul
paylayaq, mədhnamə oxuyaq və s.
Cavabı budur ki, insanların qəlbi, duyğu və hissləri fərqli
xüsusiyyətlərə malikdir. Hər növ hiss və duyğunu ona müvafiq mövzu ilə
təhrikə gətirmək olar.
İslam tarixində ən böyük rol ifa edən hadisə Kərbəla faciəsi olmuşdur.
İslam tarixinə istiqamət verən də İmam Hüseyn (ə) olmuşdur. İnsanları
Qiyamətə qədər haqq yoluna istiqamətləndirən, müqavimət göstərməyi
öyrədən, mübarizə məktəbini quran da o olmuşdur. Həmin xatirələrin
yenidən yaşanması üçün ancaq şənlik məclisləri, bayram tədbirləri
yetərmi? Bunun üçün o hadisəyə münasib tədbirlər görülməlidir. Yə’ ni,
xalqı o hadisəyə uyğun hüzndə saxlayan işlər görülməli və bu xatirələrə
təsəlli və təskinlik gətirən göz yaşları axıdılmalıdır. Bu hadisədə
belə bir rolu ifa edəcək vasitə də həmin əzadarlıq mərasimləridir.
Gülmək və şənlənməklə heç vaxt bu təəssüratı yarada bilmərik. Gülmək,
heç vaxt insanı şəhidlik ruhunda saxlaya bilməz. Gülmək heç vaxt insanı
Qarabağın azadlığı uğrunda döyüşə səsləmir. Gülmək, heç vaxt xalqa
müharibənin yaratdığı ağrı-acıya, müsibətlərə dözməkdə təskinlik ola
bilməz. Belə fədakarlıqlar üçün göz yaşlarında suvarılan, sızlayan
qəlblərdən qol-budaq atan ilahi eşq lazımdır. Bütün bunlar Aşura
məktəbində yetişir.