20 Yanvar Ümumxalq Matəm Günüdür. (20 Yanvar Faciəsindən 20 İl Ötür!)
[
]
2010-01-20, 10:52 PM
Vətən şəhidlərini heç vaxt unutmayacaq 20 YanvarAzərbaycan
xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş
övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik
zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq
şəhidləri ilə ucalır. Sabah "Qanlı Yanvar"ın
20-ci ildönümüdür. 20 il öncə Azərbaycan xalqının taleyində də nəhs və
qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl
ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız
təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli
heysiyyatımız tankların tırtılları altına atılmışdı.
20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını,
torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi
daşıyan mənfur planın tərkib hissəsi idi. ...1990-cı ilin 20
Yanvarından ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn, matəm (bu
əhvalı ifadə edən sözlərin sırasını daha da uzatmaq olar) kimi qeyd
etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Ümumxalq
hüzn günü bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar
Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün
deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq
ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli
məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi.
Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin
qorxunc qaragürahuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini
və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr
bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə
qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda
savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın
istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində
"Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib,
hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib.
Lakin təəssüf edilməlidir ki, biz indiyədək bu tarixi dünyaya yetərincə
tanıda bilməmişik. Dünya hələ də 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə Azərbaycanda, onun paytaxtı Bakıda nələrin baş verdiyindən xeyli
dərəcədə səthi informasiyaya malikdir.
...Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ
rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və
milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi
rəqəm 35 mini göstərir) yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və
DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu
xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları
oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki
vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər
arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
"Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik
istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ
Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan
xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət
kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.
Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu
münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək
mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə
qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin
verilməsinə çalışmalıyıq. Artıq 18 il keçib, biz bu istiqamətdə xeyli
ləngimişik. Bu hadisələrin beynəlxalq müstəvidə gərəkən tarixi, siyasi
və hüquqi qiymət almamasının səbəbini faicənin ilk günlərində axtarmaq
lazımdır. Hadisədən dərhal sonra Azərbaycanın o vaxtkı rəhbərliyi
nəinki 20 Yanvarın gerçək miqyas və mahiyyətini dünya birliyinin
diqqətinə çatdırmadı, əksinə, yeritdiyi səbatsız siyasətlə faktiki
olaraq Sovet Ordusu birləşmələrinin hərbi təcavüzünü retuş etmiş oldu.
Verilən hər bəyanatda, atılan hər addımda Moskvaya boylanma, Mərkəzin
əhvalının göz önünə alınması aşkar idi. Digər tərəfdən, 20 Yanvar
Azərbaycanda lap əvvəldən siyasi "razborka" predmeti olub, "Faciənin
günahkarları kimdir?" sualına cavab daha çox Azərbaycanın daxilində
axtarılıb, nəinki gerçək ünvanlarda. Məhz 20 yanvara daxili-siyasi
konyukturdan yanaşma dünyanın gözündə bu hadisənin mahiyyətini
kiçiltdi. Əksər ölkələr 20 Yanvarın Azərbaycandakı daxili siyasi
mübarizənin, hakimiyyət davasının nəticəsi kimi dəyərləndirdi.
Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən
1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq
hüquqi qiymət verdiyi halda, 1990-cı ilin Yanvar hadisələri Moskvanın
hanısısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya dinc əhalini
qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanındı. O
vaxtkı Azərbaycan rəhbərliyinin bivec və qorxaq siyasəti üzündən 20
Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində (SSRİ-nin mövcud
olduğu dövrdə) də layiq olduğu hüquqi-siyasi təsnifatı almamışdı.
20 Yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar
cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. O vaxt Azərbaycan
xalqı adından Bakıdan verilən yegənə etiraz bəyanatı Şeyxülislam
Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə
BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu
bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə
Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin günlər
Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər
Əliyev verdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV
təmsilçisinin qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu.
SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı
respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları
səviyyəsində müzakirə edilsə də, 20 Yanvar hadisələri şüurlu şəkildə
təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. Bircə
faktı vurğulamaq yetər ki, SSRİ prezidenti M.Qorbaçov Azərbaycanda
həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 Yanvarın
ildönümündə Azərbaycan xalqına başsağlığı (?) verməklə münasibət
bildirmişdi.
Heç şübhəsiz ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror
aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq
əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata
keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının,
Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları
Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı
müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı
aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Onları bir araya
gətirib dünyanın diqqətinə çıxarmaqla, gec də olsa, beynəlxalq
müstəvidə 20 Yanvar barəsində gərəkən rəyin formalaşmasına nail
olmalıyıq. 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə
anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və
şərəfi ilə birgə yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi, 20 Yanvar
faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırımı
kampaniyasının bir halqası olduğunu dünyaya tanıtdırmağı bacarmalıyıq.
Ona görə yox ki, dünya da bizim hüznə şərik olub matəm tutsun. Ona görə
ki, dünya Azərbaycanın və azərbaycanlıların tarixini olduğu kimi dərk
etsin. Bu aksiyanın Azərbaycan üçün, onun beynəlxalq imici üçün heç də
formal olmayan əhəmiyyəti var...
Qanlı tarix İllər, əsrlər ötsə də, bu söz dəyişməyəcək. Bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir. "1990. 20 Yanvar".
Yığıncaqlar, mitinqlər... Uzun illərin sovet imperiyası boyunduruğundan
azad olmaq istəyi... İnsanlarda sanki bir inam, stimul yaranmışdı...
Axşam saat 9-dan sonra şəhərin küçələrində şütüyən maşınlardakı
meqafonla insanları - vətənini sevənləri XI Qızıl Ordu meydanına
çağırırdılar. Hamı axın-axın yalnız bir səmtə - Biləcəri yoluna tərəf
axışırdı. Lakin sadə insanların heç biri təsəvvürünə belə gətirə
bilməzdi ki, "möhtəşəm" sovet əsgəri - tankı, hərbi texnikası Bakı
nefti ilə təmin olunan ordu əliyalın xalqa silah tuşlayar, atəş açar...
Faciə törədildi, günahsız insanlar şəhid oldular...
Heç zaman unudulmayacaq o gündən 18 il keçməsinə baxmayaraq, hərdən
düşünürəm: görəsən, insanlar belə bir dəhşətli faciənin törədiləcəyini
bilsəydilər, yenidən küçələrə axışardılarmı? Bunun cavabını elə o
dövrdə - şəhidlərin dəfni zamanı bütün qoyulan qadağalara baxmayaraq,
Azadlıq meydanından Dağüstü parka, indiki Şəhidlər xiyabanınadək uzanan
insan axını, qorxu, hürkü bilməyən izdiham vermişdi.
O gün gecənin zülmətindən istifadə edən "şücaətli" rus əsgəri
yurddaşlarımızın əzəmətindən qorxub gizlənmişdi. O gün Moskvada matəm
saxlayan Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. O gün heç
kəs başını aşağı əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə
əyildik, nə sındıq. O gün "Azadlıq!" sədası göylərə qalxdı. Biz o
azadlığı qanımız bahasına əldə etdik... Elə bir gün olmur ki, Şəhidlər
xiyabanı adamsız, yalqız qalsın. Dövlət başçımızın görüşünə gələn
xarici qonaqlar da buranı ziyarət edir, şəhidlərin şərəfinə yandırılan
əbədi məşəl qarşısında baş əyirlər. Axı nə idi o qocaların, körpələrin
günahı?!
İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!
Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi,
azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib.
Hər birimiz Şəhidlər xiyabanına gedərkən içərimizdə xəfif titrəyiş hiss
edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur.
Başqa cür ola da bilməz!
Yox, bu gün ürəyimiz ağrısa da, biz ağlamayacağıq! Hər bir şəhid -
istər yaşlı, istər gənc, istərsə də körpə - bizim hər birimizin
vüqarıdır. Gəlin vüqarlı olaq!
"Şit” təşkilatı ekspertlərinin hesabatından:
-adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn,
Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə
vurulmuşdur;
-adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
-"Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar,
şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların "millətçi
ekstremistlər” adlandırdıqları bunlar idimi?
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından
xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu
olan "Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:
"Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində
guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar
fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu,
qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə
orqanlarına qarşı qaldırmaqdır”...
Qorbaçovun qısqanclığı və ermənilərin fitvası ilə 1987-ci ildə Sovet
İttifaqının rəhbərliyindən uzaqlaşdırılan, lakin bundan sonra da
Moskvanın təqib və təzyiqlərinə məruz qalan Heydər Əliyev Bakıda
törədilən faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və kəskin
bəyanatla çıxış edərək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı
təcavüzünü açıq şəkildə pislədi. Ancaq təəssüf ki, Azərbaycanın o
vaxtkı rəhbərləri tamamilə əks mövqe tutmuşdular və hələ də gözləri
Moskvada idi...
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX
əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti
təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti
illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə
ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min
kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə
başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan
ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan
xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə
parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol
açdılar... Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk
illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika
rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və
cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş
aparmadılar. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə Qanlı Yanvar
hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının
adları açıq şəkildə bəyan edildi...
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün
müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının
və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn
edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan
buranı ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda
canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini
ehtiramla yad edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının
xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
«20 yanvar faciəsi və rabitəçilər» çapdan çıxmış kitab belə adlanır
Qanlı yanvar faciəsindən 18 il keçməsinə baxmayaraq xalqımız həmin günü
şəhidlərin ruhunu ehtiramla yad edir, xatirələrini əziz tutur. Kitab ön
sözdən,
«Qan yaddaşı», «Leysandan əvvəl çaxan şimşək», «Tarix unutqanlığı
bağışlamır», «Şəhidlik zirvəsinə ucalan rabitəçilər», «Ağrılı- acılı
xatirələr», «Qəm karvanı» və s. bölmələrdən ibarətdir.
20 yanvar - qan yaddaşımız!
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş
1990-cı il 20 Yanvar hadisələrindən on səkkiz il keçir. Keçmiş sovet
dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata
keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır
cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış
dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə
günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet
rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya
bir daha nümayiş etdirdi.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və
daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş
vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya,
Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta
o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan
Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu
Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet
rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər
görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə
Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və
zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni
kursantlar da daxil edilmişdi.
Bakıya yeridilmiş qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı
60 min nəfərə çatırdı, - "doyüş tapşırığını” yerinə yetirmək üçün
möhkəm psixoloji hazırlıq keçmişdilər ("Şit” təşkilatı müstəqil hərbi
ekspertlərinin hesabatından): sizi Bakıya rusları müdafiə etmək üçün
gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər
Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi)
ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu
ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq
Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot
atəşinə tutacaqlar.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda
"rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun
onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi
ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ
yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri” hətta həqiqətə yaxın
olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun
göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili
qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı
qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə
qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov
SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci
maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə
vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın
"Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının
enerji blokunu partlatdı, respublikada televiziya verilişləri
dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən
xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı.
Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq
9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması
haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də
respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100
nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək
vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə
vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış,
sonralar Nobel sülh mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla
sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...
Tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər
şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki
küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə
güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn "təcili yardım”
maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün
ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam
qanunsuz həbs edildi.
Faciəmizin üstündən 20 il ötdü
Artıq 20-ci qışdır ki, Azərbaycan xalqı bu hadisəni dərin hüzn
içərisində qarşılayır, müstəqilliyimiz yolunda canlarını fəda etmiş
insanların xatirəsini böyük hörmətlə yad edirlər.
Yəni Azərbaycanın qan yaddaşında "20 yanvar"
faciəsi silinməz iz buraxmış faciələrdəndir və neçə illərdir ki, məlum
hadisənin baş verməsi ətrafında gedən müxtəlif söhbətlər, yürüdülən
fikirlər həmişə diqqət mərkəzində olub. Bəli, o vaxt azadlığını tələb
edən xalqımız imperiya boyunduruğundan qurtulmaq üçün başdan-ayağa
silahlanmış məkrli bir ordunun üzərinə yeriyib öz haqqını tələb edirdi.
İmperiya isə xalqın bu tələbini beşiyində boğmaqdan ötrü bütün iyrənc
üsullara əl atdı. Təəssüf ki, bu məsələdə özümüzdən olan bəzi naqis,
nankor adamlar da onlara öz yardımlarını əsirgəmədilər. Elə hadisənin
kütləvi insan qırğını ilə nəticələnməsinin səbəblərindən biri də budur.
Düzdür, çox vaxt azadlığa nail olmaq qansız, qurbansız ötüşmür. Lakin
heç olmasa daxili xəyanətkarlıqlar olmasaydı, bəlkə də bu qədər
itkilərə məruz qalmazdıq.
Gəlin, öncə faciənin başlıca səbəbkarlarını, günahkarlarını nəzərdən
keçirək. Təbii ki, burada əsas təqsirkarlar sırasında keçmiş SSRİ
rəhbərliyində təmsil olunan adamlar idi. Başda Qorbaçov, Primakov,
Yazov, Rıjkov və s. olmaqla imperiyanın məlum səlahiyyətliləri
sözügedən cinayətə imza atanlardır. Onların cinayətinə şərik çıxaraq
dəstək verənlər arasında isə Azərbaycanın o vaxtkı birinci katibi
Əbdürrəhman Vəzirov və onun əsabələri də vardı. Beləliklə, bütün bu
canilər əlbir, dilbir olub qanlı olayın cərəyan olunmasına göstəriş
verdilər. Vəzirov hansı qələti etdiyini və xalqın qəzəbinə tuş
gələcəyini yaxşı anladığından, canını götürüb qatil həmkarlarının
yanına - Moskvaya qaçdı.
Bunun özü onun faciənin törənməsində nə dərəcədə günahkar olmasına
başlıca faktorlardan biri idi. Baxmayaraq, onun tərəfdarları həmişə
çalışıb ki, Vəzirovu təmizə çıxarsınlar. Lakin baş cinayətkar Qorbaçov
müsahibələrinin birində bildirmişdi ki, əgər Azərbaycan rəhbərliyindən
çağırış olmasaydı, onlar Bakıya qoşun yeritmək xəyalına düşməzdilər...
Yəni istər vəzirovlar, istər qorbaçovlar olsun, hamısı özünü quruya
çıxarmaqdan ötrü dəfələrlə cəhdlər göstərmiş, günahları bir-birinin
üstünə atmışlar. Ancaq nədənsə heç kim 1990-cı ildə SSRİ Nazirlər
Kabinetinin sədri olmuş bir kəsin - Rıjkovun 1995-ci ildə verdiyi
açıqlamasının mahiyyətinə o qədər də varmaq istəməyib. Qeyd edək ki, bu
adam (Rıjkov) həmin il verdiyi açıqlamasında Azərbaycanın sabiq rəhbəri
Vəzirovla razılaşma əsasında Bakıya qoşun yeritmələrinin və orduya
"xüsusi göstəriş" verildiyini bariz şəkildə bildirib. Onun əcaib
məntiqinə görə, başqa çıxış yolu görmədiklərindən belə bir addım atmağı
qət ediblərmiş... Bu, sabiq imperiyanın aparıcı kəslərindən olan
Rıjkovun dediyi. İndi Qorbaçov, Primakov, Yazov, Vəzirov və ilaxırlar
nə qədər çalışsalar ki, özlərini təmizə çıxarsınlar, inandırıcı
olacaqmı? Əsla yox! Çünki əlahəzrət faktdan heç kim qaça bilməz. Yaxşı
olardı, hər kəsdə etiraf etmək mədəniyyəti olaydı. Ancaq
cinayətkarlardan mədəniyyət gözləməyin özü bir sadəlövhlükdür. Sadəcə
olaraq, cinayətkara öz yerini göstərməyə səy etmək gərəkdir.
Bunlar bəlli... O dönəmdə özlərini "azadlıq mücahidləri" kimi tanıdan
şəxslərin də faciənin kütləvi qan-qada ilə müşayiət olunmasında rolu az
olmayıb. İmperiya ordusunun hansı xislətdə olduğunu gizlətməklə onlar
əliyalın insanları top-tüfəngin, tankların qabağına sürüklədilər. Bəlkə
həqiqət gizlədilməsəydi, xalq mübarizənin başqa yolunu arayar,
müdafiəni təşkil edər, yaxud hansısa vasitələrlə adekvat cavab verməyə
çalışardı. Onlar isə insanları aldatdılar, obyektiv gerçəkliyin nədən
ibarət olduğunu dandılar. Və son anda aradan çıxdılar. Həmin gecə
(19-dan 20-nə keçən gecə - Ə.) kiminin sədası yeyib-içmək məclisindən,
kiminki də arvadının yanından gəldi... Sonra sözügedən siyasi
dələduzlar arsız-arsız hər şeydən xəbərsiz olduqlarını, heç kimə
göstəriş vermədiklərini, kimsəni harasa səsləmədiklərini bildirdilər.
Adamı yandıran odur ki, belələrinin bir parası bu gün də xalqın başında
"qoz sındırmaq" niyyətindən əl götürmür. Ambisiyalarından,
avantüralarından kənarlaşmaq barədə fikirləşmək belə istəmirlər. Ancaq
"el gözü tərəzidir" deyiblər. Artıq bu tip siyasi macəraçılara heç kim
taleyini etibar etməyəcək, nə də ki, onlara meydan verməyəcəklər.
Siyavuş Novruzov demişkən; xalq bu cür siyasətçiləri çoxdan öz qəlbində
dəfn edib, onlar artıq siyasi ölüdürlər.
Lakin Azərbaycanın ləyaqətli övladları faciəni törədənləri hər zaman
lənətləmiş, cinayətkarların cəzalandırılması istiqamətində yorulmadan
iş aparıblar. Belə şəxsiyyətlərdən biri və birincisi ümummilli
liderimiz, eks-prezident Heydər Əliyev olub. H.Əliyev hələ Moskvada
yaşayarkən, həyatını böyük təhlükə altında qoyaraq, hadisənin
səbəbkarlarına kəskin etirazını bildirmiş, onlara cinayət işi
qaldırılması tələbini irəli sürmüşdü. Həmçinin imperiyanın başında
duranların əleyhinə Rusiyanın paytaxtında möhtəşəm mitinq təşkil
etməklə Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırmağa nail
olmuşdu. H.Əliyev Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə
qayıdışından sonra da yanvar faciəsini törədənlərin ədalət məhkəməsi
qarşısında cavab verməsi üçün əlindən gələni etmiş, hadisənin
beynəlxalq ictimaiyyət tərəfindən tanınması və hüquqi qiymət almasından
ötrü vacib olan bütün prosedurların yerinə yetirilməsinə çalışıb. İndi,
sadəcə azadlıq qatillərini məsuliyyətə cəlb etmək üçün müntəzəm şəkildə
beynəlxalq məhkəmələr qarşısında iddialarla çıxış etmək lazımdır.
Bununla 20 yanvar şəhidlərinin həm ruhunu şad edər, həm də borclarını
qaytarmış olarıq. Və inanırıq ki, heç bir cinayət cəzasız qalmayacaq.
Qatil qorbaçovlar, vəzirovlar tarixin haqq divanı önündə cavab
verəcəklər. Allah şəhidlərimizə rəhmət, düşmənlərimizə lənət etsin!
Şəhidlər və Milli Qəhrəmanlar qarşısında baş əyirik...!
1990-cı ilin Yanvar ayının "Qanlı Şənbə”
axşamı. Bu gündə illərdən bəri azad yaşamağa susayan xalqımızın mərd
oğul və qızları azadlıq uğrunda ilk qəti addımlarını atdılar. Yəni
bizim bu günümüz üçün üz canlarını fəda etdilər.
1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə millətimizin
qorxmaz övladları Sovet İmperiyasının qoşunlarının Bakıya daxil
olmasının qarşısını almaq üçün silahsız, əliyalın sovet tankların
qarşısına çıxdılar. Qarbaçov SSRİ-nin "inkişafı” üçün "Perestroykaya”
başlayandan sonra 70 ildən bəri millətimizin daxildən gələn azadlıq
hissləri yenidən yavaş-yavaş qabarmağa başladı. Baxmayaraq ki, 1930-cu
illərdə Azərbaycan xalqının "qaymağı” olan ziyalılarımızın demək olar
ki, hamısı ermənilərin əli ilə ya sürgün olundu, ya da güllələndi,
lakin bu cür Soyqrımda əsrlərdən bəri canımıza, qanımıza işləmiş
azadlıq və millət sevərlik hissini ürəyimizdən silə bilmədi.
Rəsmi məlumatlara gürə həmin şənbə gecəsində Bakıya 35 minlik Sovet
ordusu daxil olub. Qorbaçovun əmri ilə SSRİ –nin müdafiə naziri D.Yazov
başçılığı ilə "UDAR” adlı bu əməliyyatda xüsusi təyinatlı "ALFA” və
SSRİ DTK-sının "A” təxribat qrupundan istifadə edilmişdir. Həmçinin bu
əməliyyatda Stavropol və Krasnodar vilayətindən olan hərbçilərdən (bu
viləyətlətdə çoxlu erməni yaşayır) və Əfqanıstan müharibəsinin
təcrübəli hərbçilərindən də istifadə edilmişdir.
Bu Qanlı gecədə Sovet qoşunları hez bir gunahı olmayan və sadəcə olaraq
azad yaşamaq istəyən silahsız bir millətə qarşı müxtəlif cür
silahlardan, beynəlxalq səviyyədə qadağan olunmuş Kalaşnikov Avtomatı
üçün nəzərdə tutulan 5.45 tipli güllələrdən və digər qadağan olunmuş
kimyəvi vasitələrdən istifadə etmişlər. Rəsmi mənbələrə gürə 1990-cı
ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə Azərbaycancan xalqı 131
nəfər mərd övladını itirdi. Vətənin gələcəyi uğrunda həmin gecə bu
vəhşi ordunun qarşısına çıxan qəhrəman insanlarımızdan 744 nəfəri
yaralandı, 4 nəfəri isə itkin düşdü. 400 nəfərdən çox ər igidlərimiz
həbs olundu.
20 yanvar gecəsi baş verən faciə, millətimizin tarixinə azadlıq uğrunda
ümummilli savaş kimi daxil oldu. Məhz bu gecədə Azərbaycan xalqı bir
daha dünyaya məncə ən əsası öz-özünə sübut etdi ki, biz ulu bir xalqıq
və istəsək öz silahsız, lakin bir yumruq şəklində birləşən əliyalın
əllərimizlə SSRİ kimi bir nəhəngi diz çökdürə, hətta darmadağın edə
bilərik.(İndi siz özünüz fikirləşin ki, biz bir yumruq kimi birləşmiş
silahlı əllərimizlə nələr edə bilərik...)
SSRİ-nin dağıdılmasında 20 yanvar faciəsi müstəsna rol oynamışdır.