ABŞ-ın Avropa və Afrika ölkələri üzrə Dəniz Piyada Qüvvələrinin komandanı general-mayor Treysi Garet Azərbaycana rəsmi səfər edəcək. Səfər iyunun 23-25 aralığında baş tutacaq. ANS PRESS-ə verilən məlumata görə, general-mayor səfəri çərçivəsində sabah Azərbaycan Qadın Hüquqşünaşlar Assosiasiyanın ofisində assosiasiyanın üzvləri ilə görüşəcək. Tədbirə ABŞ-ın Avropadakı Dəniz Piyada Qüvvələrinin baş çavuşu Cozef Leşşinskiy, mayor Cefri Karpenter və dəniz piyada attaşesi polkovnik-leytenant Maykl Gante də qatılacaqlar.
Qeyd edək ki, Azərbaycan Qadın Hüquqşünaslar Assosiasiyası bu yaxınlarda 96.000 ABŞ dolları dəyərində «Bir Qadının Təşəbbüsü» layihəsi üzrə qrant alıb. Bu layihə qadınları öz hüquqları, o cümlədən ailədə zorakılıq, qadın alveri, erkən nigah və gender bərabərliyi ilə bağlı hüquqi məsləhət və təlimlə təmin edir.
Bir Qadının Təşəbbüsü layihəsi 12 may 2008-ci il tarixdə ABŞ Dövlət Departamenti və USAİD-də qadınların rolunun artırılması məqsədilə elan olunmuş beynəlxalq qrantdır. Bu layihə əksər əhalisi müsəlmanlardan ibarət ölkələrdə mövcud təşəbbüslərə dəstək vermək üçün birgə ictimai-özəl təşəbbüs kimi fəaliyyət göstərir. Qadın Hüquqsünaslar Assosiasiyası bu ilkin qrantın üç ölkə (Azərbaycan, Misir və Hindistan) alıcısından biridir. Bu bir illik layihə Azərbaycanın dörd rayonunda (Lənkəran, Balakən, Quba və Mingəçevir) fəaliyyət göstərəcək. Bu qrant çərçivəsində təxminən 400 qadına öz hüquqları ilə bağlı təlim proqramı keçiriləcək.