IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb
[
]
2009-07-21, 9:22 PM
IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Xüsusi
qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanda iştirak edəcək şəxslər
istisna olmaqla 3666 abituriyent müsabiqədə iştirak etmək hüququ
qazanıb. İmtahanda ən yüksək nəticə göstərən abituriyent isə 695 bal
toplayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib
ki, IV ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin ümumi
nəticələri qənaətbəxşdir.
“650-700 bal arasında IV ixtisas
qrupunda nəticə göstərən abituriyentlərin ümumi sayı 30 nəfərdir.
600-dən yuxarı bal toplayanların sayı isə 223 nəfərdir. IV qrupda
imtahan verən abituriyentlərin böyük əksəriyyəti Tibb Universitetinin
ixtisaslarına qəbul olmaq arzusunda olanlardı. Statistikaya nəzər
salsaq ehtimal etmək olar ki, 500-dən az nəticə göstərən
abituriyentlərin qeyd olunan ali məktəbə daxil olması mümkün olmayacaq.
Bu da kifayət qədər yüksək müsabiqə vəziyyətinin yaranması deməkdir”, -
deyə o bildirib.
Əlavə edək ki, ali məktəblərə IV ixtisas qrupu
üzrə iyulun 18-də keçirilən qəbul imtahanlarında 15 218 abiturieynt
iştirak edib. Dörd nəfər imtahan qaydalarını pozduğuna görə xaric
olunub. Bu qrup üzrə təqdim olunan plan yerlərinin ümumi sayının 2441
olduğunu deyən qəbul komissiyasının nümayəndə bildirib ki, IV qrupda
nisbi keçid balı dəyişdirilməyəcək.