1 «Təbliğ» ayəsi:
«Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı bəyan et. Əgər
etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan. Allah səni
insanlardan qoruyacaq. Allah kafir camaatı düz yola yönəltməz». [Maidə
surəsi ayə 67] Təfsirçi və tarixçilərin həzrət Əliyə (ə) aid etdikləri
üç yüz Qur’an ayəsindən biri olan bu ayənin həzrət Əliyə (ə) aid
olmasını Əbu-İshaq Sə’ləbi, Təbəri, İbn-Səbbağ Maliki və bir çox başqa
alimlər təsdiqləyirlər.
2 «Vilayət» ayəsi: «Sizin ixtiyar
sahibiniz Allah, Onun rəsulu və iman gətirib namaz qılan, rüku halında
zəkat verənlərdir». [Maidə surəsi ayə 55] Bu ayənin həzrət Əliyə (ə) aid
olduğunu Fəxr Razi, Nişaburi, Zəməxşəri kimi böyük alimlər
təsdiqləyirlər.
3 «Nisa» surəsi, ayə 59: «Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin».
«Mübahilə» ayəsi: «Sənə göndərilən bilikdən sonra buna dair səninlə
mübahisə edənlər olsa, onlara de ki, gəlin biz də oğlanlarımızı, siz də
oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də
özümüzü, siz də özünüzü çağıraq. Sonra isə Allaha yalvarıb, yalançılara
Allahdan lə’nət istəyək». [Ali İmaran surəsi ayə 61] Tarixçilər və
təfsirçilər bildirirlər ki, həzrət Peyğəmbər (s) öz yaxınlarını
sadaladıqda Əlini (ə), Fatiməni və Həsənlə Hüseyni nəzərdə tutmuşdur.
4 «Təthir» ayəsi: «Evlərinizdə qərar
tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın,
zəkat verin, Allaha və Onun rəsuluna itaət edin. Siz ey ev əhli! Allah
sizdən çirkinliyi yox etmək və sizi pak etmək istəyir». [Əhzab surəsi
ayə 33] Təbəri, Fəxr Razi və bu kimi digər böyük sünni alimləri də uyğun
ayənin həzrət Əli (ə) haqqında nazil olduğunu təsdiqləyirlər.
5 «Bəraət» surəsi: Müxtəlif firqə
alimlərinin bildirdiyinə görə «Bəraət» surəsinin ayələri nazil olduqda
həzrət Peyğəmbər (s) həmin surəni müşriklərə oxumaq üçün Əbu-Bəkri
Məkkəyə göndərdi. Əbu-Bəkr yola düşdükdən sonra Cəbrail nazil oldu və
Peyğəmbərə (s) salamdan sonra ərz etdi ki, bu işi sənin özündən olan bir
kəs görməlidir. Həzrət Peyğəmbər (s) dərhal Əlini (ə) çağırdı və öz
dəvəsini verib Əbu-Bəkrə çatmasını tapşırdı. Həzrət Əli (ə) Peyğəmbərin
göstərişi əsasında Əbu-Bəkrə çatıb «Bəraət» ayəsini ondan aldı və özü
müşriklərə oxumaq üçün Məkkəyə yola düşdü.
6 «Məvəddət» ayəsi: «Allah iman gətirib
yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. Ya Peyğəmbər (s), de
ki, mən sizdən risalətim müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir
şey istəmirəm». [Şura surəsi ayə 23] Zəməxşəri, Gənci Şafei və başqa
alimlər nəql edirlər ki, ayə nazil olduğu vaxt Peyğəmbərdən Əhli-beyt
haqqında soruşdular. Həzrət Peyğəmbər (s) buyurdu: «Həzrət Əli (ə),
Fatimə və onların iki oğlu mənim əhli-beytimdir».
7. «Rə’d» surəsinin 43-cü ayəsi: «Onlara
belə cavab ver: «Mənimlə sizin aranızda Allahın və kitabı bilənin şahid
olması yetər». Əbu-Səid Xidri deyir: «Həzrət Peyğəmbərdən kitabı bilən
kəsin kim olduğu haqqında soruşdum. Həzrət buyurdu: «Həmin şəxs qardaşım
Əli (ə) ibn Əbi-Talibdir».
Bəli, həzrət Əli (ə) haqqında nazil olmuş ayələrin sayı üç yüzü keçir.
|