Orta
ümumtəhsil məktəblərində tədris ili sona yaxınlaşır. Attestat
imtahanları, ali məktəblərə test-sınaq imtahanları epopeyası başlanıb.
Ali təhsil arzusunda olanları, bu işə pul qoymağa hazırlaşan
valideynləri, təbii ki, bu sual düşündürür: hansı universiteti seçməli?
Axı bizim balaca ölkəmizdə ali təhsil verən universitetlərin,
institutların, filialların sayı 40-a yaxındır. Balaca əyalət
şəhərlərimizdə belə institut, universitet adında ali məktəblər var.
Spektr genişdir, seçmək isə bu halda bir az zor olur. Hamısı da "yaxşı
universitet” kimi cəmiyyətə təqdim olunmağa çalışmaqdadır.
"Biləcəridən o yana" tanınma dərdi
Amma
dünyada qəbul olunmuş meyarlar var. Bu meyarları bilməyimiz və nəticə
çıxarmağımız gərəkdir. Məsələ bu şəkildə qoyulur ki, yaxşı ali məktəb
elmi araşdırmalara geniş yer verməklə, maddi-texniki bazasını və kadr
potensialını fasiləsiz inkişaf etdirməklə, keyfiyyətli təhsil verməsi
ilə tanınır. Müasir dünyada ali məktəb də müasir, modern olmalıdır.
Dünyanın inkişaf tendensiyalarını nəzərə almalı, əslində bu inkişafın
hazırlanmasında iştirak etməli, dünyada, necə deyərlər, "görünməlidir”.
Bir ali məktəbin ad-sanı onun beynəlxalq aləmdə tanınması, dünya
universitetləri, şirkətləri və mediası tərəfindən bəyənilməsi ilə
birbaşa bağlıdır.
Müasir tanınma - elektron aləmdə, İnternetdə,
çap olunmuş əsərlərin dünyaya yayılmasında özünü göstərir. Kölgə adamın
boyu ilə mütənasib olduğu kimi, ali məktəbin gücü və səviyyəsi də onun
dünya üzünə düşən kölgəsində, onun gördüyü işlərin dünyada tanınmasında
özünü göstərir. Bir ali məktəb haqqında uzaqlarda, elm və təhsil
çevrələrində söhbət getmirsə, deməli, onun divarları arasında görülən
işlər dünya ilə ayaqlaşmır, o ali məktəb dünyaya müəyyən mənada gərək
deyil.
Biz bilməliyik ki, bizim ölkənin ali məktəblərinin
müasirləşməsi yavaş tempdə gedir, onlar dünyada çox az tanınır.
Təsadüfi deyil ki, dünya çapında müxtəlif kriteriyalar əsasında
aparılan çoxsaylı reytinq araşdırmalarında Azərbaycan ali məktəbləri
"görünmür".
Məsələn, 2004-cü ildən bəri dünya ali məktəblərinin
Webometrics adlı reytinqi elan edilir. Dünyada bu reytinqə hörmətlə
yanaşılır və etibar edilir. Bu reytinq araşdırmasını dünyanın nüfuzlu
araşdırma mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi-Tədqiqat
Mərkəzi (Conseyo Surerior de Investigac Cientifacasiones) aparır. Onlar
Stenford Universitetinin və Google araşdırmaçılarının metodologiyasını
əsas götürürlər.
Universitetlərin qiymətləndirilməsi 4
nominasiya üzrə aparılır. Əsas kriteriyalar ali məktəbin dünyada
tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən
qiymətləndirilməsi, müasir elmi nəşrlərinin çəkisidir.
Bu da bir
gerçəkdir ki, dövlət ali məktəbləri ilə yanaşı özəl ali məktəblərin
yaranması ali təhsilə bir rəqabət, yarış xarakteri gətirdi. Yeni
yaranmış bəzi özəl universitetlər bir sıra məsələlərdə - keyfiyyətli
təhsil, müasir tədris proqramları, müasir təhsil modellərinin tətbiqi,
dil siyasəti, beynəlxalq əlaqələrin inkişafı, informasiya
texnologiyalarının tətbiqi, hətta fərqli maddi baza kimi məsələlərdə
daha fəal oldular və daha müasir göründülər.
Növbəti reytinq açıqlaması: 36-dan 4-ü
Bir
ay əvvəl - bu ilin yanvar ayında dünyada mövcud olan 19266 ali məktəb
bir daha öyrənilib. Onların ümumi gücü, müasirliyi, o cümlədən
elektron-virtual aləmdə gücü, tanınması əsas götürülüb. Bu sıradan,
onların tərəfindən Azərbaycanın 36 ali məktəbi növbəti dəfə öyrənilib.
Nəticədə dünya üzrə 12 min ali məktəbin adı açıqlanmış, onların hər
birinin tutduğu yer elan edilmişdir.
Beləliklə, dünyanın bu 12
min ali məktəbinin sırasına Azərbaycandan 4 ali məktəb düşüb. Onlar
belə sıralanır: Xəzər Universiteti (5097-ci yer), Qafqaz Universiteti
(7054-cü yer), Diplomatiya Akademiyası (7653-cü yer) və Tibb
Universiteti (11108-ci yer)... Başqa sözlə, ortaya çıxarılası cəmi 4
ali məktəbimiz var. Qalanları, o cümlədən tərifli "flaqman” BDU-muz,
tərifli Neft Akademiyamız, Dövlət İqtisad Universitetimiz, İdarəetmə
Akademiyamız həmin o "dünyaya gərək olmayan” ali məktəblərdən imiş.
Azərbaycanlılar bunu da bilsin, o ali məktəblərin rəhbərləri də bunu
bilsin və nəticə çıxarsınlar.
Bu 12 min ali məktəb arasında ilk
6 min ali məktəb "yüksək liqa" hesab olunur. Bu 6 minlik sırasına
düşənlər "yaxşı universitetlər” kimi qəbul olunurlar.
Təəssüf
ki, yüksək liqaya ölkəmizdən yalnız bir ali məktəb - Xəzər Universiteti
düşə bilib (5097-ci yer). Bu yerdə gəlin postsovet ölkələrinin durumuna
baxaq: "yüksək liqada" Gürcüstan - 2, "iflas həddində olan" Ermənistan
- 5, zəif Moldova - 4, Belarus - 7, əhalisi və iqtisadi imkanları
bizdən neçə dəfə aşağı olan Baltikyanı ölkələrdən Estoniya - 8, Latviya
- 10, Litva - 17, zəiflərin zəifi Qırğızıstan - 3, Qazaxıstan - 3 ali
məktəblə təmsil olunub. Türkmənistan və Tacikistanın "yüksək liqada”
ali məktəbi yoxdur...
Ondan da nəticə çıxarmalıyıq ki,
Azərbaycana yaxın böyük dövlətlərdən Türkiyənin 82, İranın 49,
Ukraynanın 38, Rusiyanın 238 ali məktəbi dünyanın 6 min yaxşı ali
məktəbi sırasında yer tutur. İyirmiyə yaxın ərəb ölkəsindən bu sırada
toplam 75 ali məktəb yer alır.
"Ən yaxşı” nominasiyasına isə 600
universitet daxildir. Bu sıradan Rusiya cəmi 2 universitetlə təmsil
olunur. Yeri gəmişkən, Qazaxıstan özünün 149 ali məktəbi ilə "ən
yaxşılar” sırasında 1 universitetlə təmsil olunub. İndi ölkə 2020-ci
ilə qədər ikinci bir ali məktəbini də "ən yaxşılar” sırasına çıxarmağı
qarşısına məqsəd qoyub. Heç olmasa belə bir fikirləri var, bizdəsə,
deyəsən, bu barədə düşünən yoxdur.
Nə isə, həmin 6 min arasında ən çox təmsil olunan ölkələr isə bunlardır: ABŞ (1722), Çin (567), Yaponiya (388 universitet).
Başqa
bir detal: Webometrics araşdırması nəticəsində 2011-ci ilin yanvar
ayında dünyada ən yaxşı, müasir, elektron gücə malik 1120 kitabxana da
müəyyən edildi. Çox ibrətvericidir ki, bu siyahıda tək Azərbaycandan
deyil, bütün Qafqaz və Orta Asiyadan daxil olan yeganə kitabxana Xəzər
Universitəsinin kitabxanasıdır (892 sırada).