
Bu
gün istehlakçıların hüquqları daha çox xidmət sahəsində pozulur.
Ekspertlər bunun bir səbəbini qanunlarda olan boşluqlarla
əlaqələndirirsə, digər səbəbini istehlakçıların öz hüquqlarını yaxşı
bilməməsi ilə izah edir. Hüquq pozuntularının daha çox müşahidə
olunduğu kommunal xidmət sahəsində təchizatçılar günahlandırılsa da,
bəzən problem yaradan tərəf kimi istehlakçılar göstərilir.
Ekspert Nüsrət Qasımovun sözlərinə görə, təchizatçı bilməlidir ki,
istehlakçını müntəzəm, təhlükəsiz, keyfiyyətli, qəzasız qaz, işıq, su
ilə təchiz etməlidir: "Bu həmişə olmur. İstehlakçı da bilməlidir ki,
özbaşına qaz xətlərinə qoşulmamalıdır, qaz cihazlarını yanılı halda
qoyub yatmamalıdır, qaz cihazlarına boru birləşdirilməməlidir. Amma
bunu edirlər. Burada günah maarifləndirmə işinin zəif aparılmasındadır.
Yəni istehlakçı öz hüququnu bilmir, təchizatçı da öz hüququnu ya
bilmir, ya da bilərəkdən təhrif edir”.
Təchizatçı ilə
istehlakçı arasında münasibətləri tənzimləyən hüquqi sənədin, yəni
müqavilənin imzalanmaması da çox ciddi hüquq pozuntusudur. N. Qasımov
hesab edir ki, hər bir xidmət sahəsində ildə heç olmasa bir dəfə belə
sənədin imzalanması vacibdir. Bu sənəd isə sadə camaatın başa düşəcəyi
tərzdə, bəsit dildə yazılmalıdır:
"İstehlakçı tələb
etməlidir ki, onunla müqavilə bağlansın, təchizatçı da öz növbəsində
bunda maraqlı olmalıdır. Müqavilə 4 vərəqdən ibarətdir. Mən neçə illik
təcrübəmlə o müqaviləni oxuyub başa düşə bilmirəm, sadə camaat necə
başa düşsün? Müqavilə sadə, bəsit, başa düşülən dildə yazılmalıdır və
hər iki tərəfin maraqlarına cavab verməlidir. Amma bugünki müqavilələr
yalnız təchizatçını sığortalayır. Yəni, sabah iş məhkəməyə düşsə,
təchizatçı özünü müdafiə edə biləcək”, deyə eskpert bildirib.
Müqavilədə əhaliyə göstəriləcək xidmət, yəni ona veriləcək qazın
təzyiqi, elektrik enerjisinin gərginliyi, suyun kütləsi öz əksini
tapmalıdır. Bu xidmətlərin normal yerinə yetirilməyəcəyi, istehlakçının
isə bundan narahat olacağı təqdirdə "Azəriqaz”, "Azərsu” və
"Azərenerji” tərəfindən ödəniləcək kompensasiyaların həcmi də sənəddə
göstərilməlidir.
"Təchizatçı bilməlidir ki, istehlakçının
cihazının qarşısında qazın təzyiqi 130 mm su stunu təzyiqində
olmalıdır. Bunu nə istehlakçılar, nə də bəlkə də təchizatçılar bilmir.
Həzırda Bakıda mənzillərə verilən qaz 60-70 mm su stunu civarındadır.
Abunəçilərə onu da demək istəyirəm ki, dördgözlü qaz sobalarında 5-8 sm
hündürlüyündə göy alov yanmalıdır. Bu qədər deyilsə, demək təzyiq
aşağıdır”, deyə ekpert qeyd edib.
Problemin həlli üçün N.
Qasımov öncə təchizatçı ilə istehlakçı arasında sadə müqavilənin
imzalanmasını və bu müqavilədə hər iki tərəfin öhdəliklərinin aydın
şəkildə qeyd olunmasını göstərir.
|