21 il bundan əvvəl, 1988-ci ilin noyabrında 100 minlərlə
azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə
etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı. Bu gün
Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı kimi də qiymətləndirilir.
Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin "olum, ya ölüm"
savaşı başladı. SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın
göründü. Rəsmi Moskvanın, ermənilərin Dağlıq Qarabağa iddiasına loyal
münasibəti və qərəzli mövqeyi, millətə tarixini öz gücünə dəyişmək istəyini
aşılamışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin
təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin
heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bunları görən rəsmi
Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi.
SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya
gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq
iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman
hərəkat parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il, noyabrın 17-dən
başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.