Bu gün Novruz Çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsidir.
Xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq
çərşənbəsi" bu gün yer oyanır, torpaq nəfəs alır və inama görə, artıq
əkinə, toxum səpininə hazır olur.
Torpaq çərşənbəsi mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən
zənginidir, çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə,
həm də Torpağa inamı əks etdirir. Həmin gün insanlar torpaq sahələrinə
çıxır, burada təmizlik işləri görür, müxtəlif ayinlər, kütləvi
şənliklər keçirir, əmək nəğmələri oxuyurlar.
Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır,
evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır,
bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur və s.
Yer çərşənbəsi günü təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik arzulanır.
Həmin gün hamı öz evində olmalı, övladlar valideynlərinə baş çəkərək öz evlərinə qayıtmalıdırlar.
Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş,
paxlava, şəkərbura, şorqoğalı, badambura və s. şirniyyatlar bişirilir.
Bayram axşamı süfrədə innab, kişmiş, püstə, badam, qoz, fındıq və
müxtəlif meyvələrin qurusu qoyulur. Süfrədə xonça qurulur, ortada
səməni, ailə üzvlərinin sayı qədər şam və boyanmış yumurta qoyulur.
İlin axır çərşənbəsində, ya da Novruz axşamı ürəyində niyyət tutub qaş
qaralandan sonra xəlvətcə qonum-qonşu qapısına gedərlər. Qapı dalında
durub ayağın altına açar atıb içəriyə qulaq asarlar. İçəridən eşidilən
iki kəlmə niyyətin yerinə yetib-yetməyəcəyinə işarə verir. Buna görə
axır çərşənbə günü evdə könül açan
söhbətlər edilir.
Yazın gəlişi ilə əlaqədar ilin axır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, uşaqlar odun üstündən hoppanırlar.
Həm də tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq
deməkdir.
Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər..
Axır çərşənbədə uşağa beşik düzəldərlər.
Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar.
Axır çərşənbədə tonqal yandırarlar.
Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar
Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.
Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.
Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.
Axır çərşənbədə çimərlər.
Axır çərşənbədə evdən pul verməzlər.
Axır çərşənbədə qonşuya ələk verməzlər.
Axır çərşənbə günü borc un verməzlər.
Axır çərşənbə günü şam yarımçıq söndürməzlər.
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
Axır çərşənbə günü evdən ağartı verməzlər.
Axır çərşənbə günü zahı üstünə getməzlər.
Axır çərşənbə günü evdən çörək verməzlər.
Axır çərşənbə gecəsi tez yatmazlar.
Axır çərşənbə gecəsi evdə qazan asarlar.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib
"filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər.
Axır çərşənbə günü ertədən lampa yandırarlar.
Axır çərşənbə hər birimiz üçün uğurlu olsun !!!
P.S Bütün userlərimizi çərşənbə munasibəti ilə təbrik edirik !!
|