“Eurovision-2011”-in milli finalının vaxtı açıqlandı
[
]
2011-02-03, 3:26 PM
"Eurovision-2011” mahnı müsabiqəsinin milli finalı fevralın 11-də Azərbaycan
Akademik Milli Dram Teatrında keçiriləcək. Final mərhələsində 5 ifaçı
Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və
İlhamə Qasımova mübarizə aparacaq. "Eurovision” mahnı müsabiqəsinin
milli təşkilatçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti
hazırda final mərhələsi ilə bağlı son hazırlıq işləri aparır. Fevralın
11-də finalçıların ifasından sonra münsiflər heyətinin səsverməsi
nəticəsində Azərbaycanın "Eurovision-2011”dəki təmsilçisi müəyyən
olunacaq.
Xatırladaq ki, milli seçimlərə 2010-cu ilin oktyabrından start verilib.
İlkin dinləmələrdən keçən 77 nəfər noyabrın 15-dən etibarən İctimai
Televiziyanın efirində 7 həftə boyunca yarışıb. Tamaşaçılar və
münsiflər heyətinin səsverməsi nəticəsində iştirakçılardan 10 nəfər
yarımfinal mərhələsinə keçə bilib. 2011-ci il yanvarın 3-dən 10-dək
davam edən yarımfinal mərhələsindən isə finala 5 nəfər vəsiqə qazanıb.