Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev1923-cü
il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik
orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR
Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin
müavini, 1967-ci ildən isə qurumun sədri vəzifəsində işləyib,
təhlükəsizlik orqanlarında general-mayor rütbəsinə qədər yüksəlib.
Həmin illərdə Leninqradda xüsusi ali təhsil alan Heydər Əliyev 1957-ci
ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul
plenumunda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib
və sabiq SSRİ-nin rəhbərlərindən biri olub.
Heydər Əliyev 1987-ci ilin
oktyabrında Sov. İKP MK Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun
yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən
istefa verib. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda
törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı
nümayəndəliyində bəyanatla çıxış edən Heydər Əliyev Azərbaycan xalqına
qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin
münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə
etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist
Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan görkəmli ictimai-siyasi xadim
ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin il həmçinin
Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan
Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev
1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş
təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də
Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyulun 24-də Milli
Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də
keçirilən seçkilər nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti
prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti
postuna seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident
seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər
Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan
imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.