İlham Əliyev: “Azərbaycan xarici sərmayədən asılı ölkə deyil”
[
]
2009-11-06, 2:36 PM
"Azərbaycan
özünü dünyaya etibarlı tərəfdaş kimi göstərdi və beləliklə, böyük
investisiyaları cəlb etdi. Bütün gənc, müstəqil ölkələr öz inkişafı
üçün ilkin addımları birinci növbədə xarici investisiyalar hesabına
atırlar. Azərbaycan da o yolu keçib”. Bunu Azərbaycan prezidenti İlham
Əliyev, Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş təntənəli
mərasimdəik çıxışında deyib. Dövlət başçısı bəyan edib ki, artıq
Azərbaycanın özü başqa ölkələrə investisiya qoyur: "Azərbaycan Dövlət
Neft Şirkəti bu gün xaricdə investisiyalar qoyur. Yəni biz artıq xarici
sərmayədən asılı deyilik. Əgər xarici sərmayələr Azərbaycana qoyularsa,
əlbəttə ki, biz bundan çox məmnun olarıq. Qoyulmazsa, bu, bizim
inkişafımıza heç bir təsir etməyəcək”. Azərbaycan prezidentinin
sözlərinə görə, indi əsas vəzifə investisiyaları neft-qaz sektoruna
deyil, qeyri neft-qaz sektoruna cəlb etməkdir. Çünki neft-qaz sahəsində
biz istədiyimizə nail ola bilmişik. Azərbaycan indi böyük neft-qaz
hasilatçısıdır. Bizim yeddi neft-qaz kəmərimiz vardır - üçü neft
kəməri, dördü qaz kəməri. Biz nefti də, qazı da müxtəlif ölkələrə ixrac
edirik. Biz artıq neft sənayesinin inkişafı sayəsində elektrik
enerjisini də ixrac edirik”. İlham Əliyev deyib ki, ölkəmiz hətta
böhranlı 2009-cu ildə maddi sıxıntılar yaşamır, əksinə, Azərbaycan
dünya miqyasında nadir ölkələrdəndir ki, hətta 2009-cu ildə
iqtisadiyyatı inkişaf edib və bu ilin 9 ayında iqtisadiyyat 6 faizdən
çox artıb: "Bütün bunların təməlində, əlbəttə ki, Azərbaycanın neft
strategiyası dayanır. Dövlət Neft Şirkətinin xarici tərəfdaşlarla
uğurlu əməkdaşlığı bugünkü reallıqları yaradıb. Azərbaycan fəxr edir
ki, biz dünyada müstəqil siyasət aparırıq. Bu, həqiqətən də belədir.
Artıq bütün dünya bunu bilir və bu, hər bir ölkə üçün ən vacib
məsələdir. Biz bu müstəqil siyasəti nəyin hesabına apara bilirik? İlk
növbədə, ona görə ki, biz iqtisadi cəhətdən müstəqilik. Biz heç kimdən
asılı deyilik. Biz öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının
yaratdığı maddi imkanlar, dəyərlər hesabına yaşayırıq”. Dövlət
başçısının fikrincə, iqtisadi müstəqillik Azərbaycana siyasi
müstəqillik də verir: "Biz öz sözümüzü qətiyyətlə deyirik. Biz bölgədə
yaşanan proseslərə daim öz münasibətimizi bildiririk. Artıq bölgədə
Azərbaycanın maraqları nəzərə alınmadan heç bir təşəbbüs reallaşa
bilməz. Bu, artıq reallıqdır və bu reallığı biz özümüz yaratmışıq. Nə
iqtisadi, nə siyasi, nə enerji, nə nəqliyyat sahəsində heç bir layihə
icra oluna bilməz. Azərbaycan bölgənin çox güclü ölkəsinə çevrilibdir
və bu müstəqil siyasəti aparmaq üçün, ilk növbədə, iqtisadi imkanlar
bizim üçün şərait yaradır. Əgər ancaq iqtisadi imkanlar olsaydı və
başqa amillər olmasaydı, müstəqil siyasət aparmaq, Azərbaycan xalqının
maraqlarını tam şəkildə qorumaq bizim üçün yenə də çətin olardı. Bizdə
iqtisadi müstəqilliklə bərabər çox güclü siyasi iradə var. Biz
prinsipial mövqedən yanaşırıq. Azərbaycan xalqının maraqlarını bütün
sahələrdə və istənilən formada müdafiə edirik. Bu amillərin sintezi
Azərbaycanın hərtərəfli inkişafı üçün şərait yaradır. Azərbaycanı dünya
miqyasında böyük hörmətə malik olan ölkə kimi tanıdır və ən önəmlisi
Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət göstərir”.