Yeni
il bayramını al-əlvan, bərli-bəzəkli yolkasız təsəvvür etmək
qeyri-mümkündür. Əlbəttə, bu yolka təbii küknar ağacından olsa daha
gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni yolkalarla da keçinmək
olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir?
Çoxları
yolka bəzəmək ənənəsini də xristian dini ilə əlaqələndirir. Əslində
isə, həyat rəmzi olan yolkanın bəzənməsi tarixi xristianlıqdan əvvəl
başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl
qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma
ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin
rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla
bəzəyirdilər.. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl
ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.
Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir.
Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il
gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları
rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu
adət bütün Avropaya yayılır. Amerikaya yolkanı burada məskunlaşan
almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə
yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il
Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə
yolka bütün dünyada məşhurlaşıb.
Hazırda hər bir xalqın özünəməxsus yolka bəzəmək adəti var. Onlardan bir neçəsi aşağıdakı kimidir.
Meksika – Bu ölkədə ən məşhur yeni il bəzəyi İsa Peyğəmbərin doğulmasını əks etdirən kompozisiyadır.
Qvatemala
– Burada da əhali əsasən İncildən olan səhnələr əks edilmiş bəzəklərdən
istifadə edirlər. Bəzədilən yolkanın altına uşaqlar üçün hədiyyələr
qoyulur.
Qrelandiya
– iqlimindən asılı olaraq burada şam ağacı bitmir. Amma bu sakinlərə
yeni ili yolkasız qarşılamağa mane olmur. Kənardan gətirilən ağac
al-əlvan bəzdilir. Adətən bəzək əşyası kimi şamlardan və əlvan
lentlərdən istifadə edilir.
Braziliya
– Bu ölkə bayramı isti havada qeyd edir. Bunun üçün də yolka ağ
pambıqla bəzədilir. Bu mülayim havada qar effekti yaratmaq üçün nəzərdə
tutulub.
İrlandiya
– bu ölkədə yeni ildə qış əsl üzünü bol qar və kəskin şaxta ilə
göstərir. İrlandiyalılar yolkalarını isti rəngli oyuncaqlarla bəzəməyə
üstünlük verirlər. Yolkanın başına isə mələk və ya ulduz asırlar.
Qapılara isə kiçik rəngli lentlərlə bəzədilmiş güllər asılır.
İsveç
– isveçlilər bayramdan əvvəl yolka bəzəməyi sevmirlər. Onlar yolkanı
düz bayram günü alırlar. Ağac əsasən küçədə qurulur. Yolka günəş, ulduz
və qar dənəsi kimi bəzəklərlə bəzədilir.
|