Bu gün - 7 dekabrdan Məhərrəm
ayı başlayır. Yaradan bəzi ayları başqalarından üstün tutar, onları
fəzilətli edər və müsəlmanların da həmin fəzilətdən bəhrələnməsinə
imkan verər.
Dörd haram aydan biri sayılan Məhərrəm də belədir.
Allah seçdiyi bu ayı öz fəziləti, şanı və ehsanı ilə sayğılaşdıraraq,
insanlardan da xəlq edərək buyurduqlarına sayğı ilə yanaşmasını tələb
edir.
Məhərrəm ayında nələr qadağandır?
Haram aylarda bir çox şərtlər var ki, onların arasında savaş etmək,
müharibələrə qoşulmaq, səhər və axşam namazları arasındakı vaxtda
şadyanalıq etmək kimi əməllər günah sayılır.
Qurani-Kərimdə də deyilir: "Həqiqətən, Allah yanında ayların sayı
göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir.
Onların dördü (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm) haram aylardır.
Bu, doğru dindir” ("Tövbə", 36).
Məhərrəm ayının önəm və sayğısı İslamdan əvvəl də mövcud olub. Belə ki,
cahiliyyə dövründə qüreyşilər Məhərrəm ayında oruc tutar, Kəbədəki qara
daşa təzim edərdilər.
İbq Həcər və Qurtubinin yazdıqlarına görə, bu davranış çox yəqin onlara
Hz. İbrahim (ə.s) kimi ötən peyğəmbərlərin buyruqlarından gəlibmiş.
Məhərrəm ayı və Aşura
Ölkə əhlinin "məhərrəmlik" dediyi ayda toy, nişan mərasimlərinin
məsləhət bilinməməsini, müsəlmanların digər aylarla müqayisədə daha
sadə davranmalarını gərəkdirən səbəb var.
O səbəb Aşuradır.
Aşura kəlməsinin kökü ərəb dilindəki "əşr", yəni "onuncu" sözündəndir. Əşr isə haram ay sayılan Məhərrəmin 10-cu günüdür.
Həmin gün, hicri təqvinin 10 məhərrəmində (680-ci ilin oktyabrın 10-da) bəşər tarixində ən böyük faciələrdən biri baş verib.
Cəmi müsəlmanlar üçün faciəli və qəmli həmin gündə Kərbəla
yaxınlığındakı döyüşdə Hz. Məhəmmədin sevimli nəvəsi, onun qızı
Fatimeyi-Zəhra (ə.s.) və Hz.Əlinin (ə.s.) ikinci oğlu İmam Hüseyn
(ə.s.), habelə İmamın 72 nəfərlik dəstəsi şəhid olublar.
O dəstədə aralarında yeniyetmələr və azyaşlı uşaqlar da olmaqla 18 nəfər Allahın Rəsulunun (s.ə.s) birbaşa qohumları idilər.
İmam Hüseyn şücaəti
656-cı ildə üçüncü xəlifə Osmanın ölümündən sonra bütün hakimiyyət
qanuni seçilmiş Hz. Əli ibn əbu Talibə (ə.s.) keçmişdi. İlk üç
xəlifədən fərqli olaraq Hz.Əlinin seçilməsi onun gerçəkdən də, ümumxalq
hakimə və hökmdara çevirmişdi. Ona mədinəlilər, misirlilər, kufəlilər
və bəsrlilər sədaqət andı içmişdilər. Fəqət, hakimiyyətin ilk
günlərindən etibarən Əli çox ciddi çətinliklərlə qarşılaşdı.
Onun hakimiyyətinə qarşı ilk əvvəl Təlha və Zübeyir, sonra isə Suriyanın sabiq valisi Müaviyə qiyam qaldırdılar.
661-ci ilin yanvarın 19-da Küfə şəhərinin məscidində xarici ibn
Mulcamın sui-qəsdi nəticəsində Hz.Əli ölümcül yaralandı və iki gün
sonra dünyasını dəyişdi.
Hz.Əlinin qətlə yetirilməsindən sonra müsəlmanlar üzərində hakimiyyət Fatimeyi-Zəhra və Hz.Əlinin oğlu Həsən Müctəbaya keçdi.
Hiyləgərlik, əclaflıq və qəddarlığı ilə məşhur olan Müaviyə yaranmış
vəziyyətdən istifadə edərək şirin vədlər, Hədələr və satınalmalar
vasitəsilə İmam Həsənin bir çox tərəfdarlarını mübarizədən kənarlaşdıra
bildi. Bu isə İmam Həsəni Müaviyə ilə müvəqqəti barışığa vadar etdi,
çünki əks təqdirdə hakimiyyət uğrunda mübarizə şüarları ilə pərdələnən
Müaviyə İslamın özünə hədəyə çevrilmişdi.
Anlaşma necə pozuldu?
İmam Həsənlə Müaviyə arasında bağlanmış sazişə görə, Müaviyənin özünə
varis təyin etmək hüququ yoxdu və o, öləcəyi təqdirdə hakimiyyəti ya
İmam Həsənə, ya da İmam Hüseynə çatmalıydı.
İmam Həsən 10 il sərasər müsəlmanlara rəhbərlik etdi, amma sonucda
Müaviyənin hazırladığı məkrli fitnə nəticəsində yeməyinə zəhər
qatılaraq öldürüldü. İmam Həsənlə bağladığı sazişə rəğmən, Müaviyə oğlu
Yezidi varisi elan etdi və xilafət də Öməyyidlərin idarə etdiyi məkana
çevrildi.
İmam Hüseyn isə nə Müaviyəyə, nə də onun oğlu - əxlaqsızlıq,
qumarbazlıq, arvadbazlıq və əyyaşlığı ilə ad çıxarmış Yezidə sədaqət
andı içmək niyyətində deyildi.
Müaviyə öləndən sonra isə xilafətdə hakimiyyət Yezidə keçdi.
Fəqət hakimiyyətinə qanuni görkəm vermək istəyən, habelə atasının
vəsiyyətini unutmayan Yezid ibn Müaviyə nəyin bahasına olursa-olsun,
İmam Hüseynin ona sədaqət andı içməsini istəyirdi.
Bununla da o, bütün alçaq əməllərinə haqq qazandırmağa çalışırdı.
İslam uğrunda ölümə doğru...
Yezid Mədinənin valisi Validə məktub yazaraq İmam Hüseynin and içməsinə
nail olmağı, bunun reallaşmayacağı təqdirdə də İmam Hüseyni öldürməyi
əmr edir.
Valid əmrə tabe olmur, İmam Hüseyn də Mədinəni tərk edərək Məkkəyə yollanır.
Yezid yenidən Məkkəyə qatilləri göndərərək İmam Hüseyni öldürtmək
istəyir. Vəziyyəti belə görən İmam Hüseyn şəhərdən çıxaraq Küfə tərəfə
yollanır.
Yolda, Səlabiyyə yaxınlığında o, Yezidin qoşunu ilə onu Küfədə gözlədiyindən xəbər tutur.
İmam Hüseyn dəstəsindəki adamları yanına çağıraraq onlara yaranmış
vəziyyətdən bəhs edir, hamıdan geri qayıtmağı istəyir və özünün də
yoluna davam edəcəyini deyir.
Fəqət 72 nəfər İmamla gedəcəyini deyirlər.
İmam Hüseynin ölümə doğru getdiyini anlayaraq yolundan qalmamasının da
əsas səbəbi İslam uğrunda hər şeyə rəğmən mübarizəsini dayandırmaması,
can və qanını üstün tutmamasıdı.
İmam Hüseyn göstərdi ki, İslama təhlükə varsa, heç bir müsəlman əsla geri çəkilməməlidir.
Kərbəla müsibəti şəhidliyin tarixini yazdı
Kərbəla yaxınlığındakı döyüş başlandı, sərkərdə Hürr Yezid ibn Müaviyənin qoşunları ilə döyüşdə ilk şəhid oldu.
Bir dəstə qəhrəmanın şərə qarşı döyüşündə İmam Hüseynin özü də şəhidliyə qovuşdu.
O gün səhərdən axşama qədər döyüşdülər. Şəhidlərin içində İmam Həsənin
(ə.s) iki kiçik oğlu, İmam Hüseyinin bir kiçik oğlu və daha qundaqda
olan bir balası da vardı.
Döyüş bitdikdən sonra düşmən ordusu, İmamın (ə.s) hərəmini yağma
etdilər və çadırları yandırdılar, şəhidlərin başlarını kəsib
paltarlarını çıxardılar. Cəsədləri dəfn etmədən Əhl-i Beyt əsirlərini
təşkil edən sığınacaqsız qızları və qadınları, şəhidlərin başlarıyla
birlikdə Kufəyə doğru hərəkət etdirdilər.
Əsirlərin içində kişi olaraq İmam Hüseyinin (ə.s) iyirmi iki yaşındakı
oğlu, ağır xəstə olan dördüncü İmam Zeynalabidin (ə.s), bir də onun
oğlu beşinci İmam Məhəmməd b. Əli və İmam Həsənin (ə.s) oğlu Həsən-ül
Müsənna da vardı.
Yezidin vəhşiliyi hətta o yerə çatmışdı ki, onun əmrilə İmam Hüseynin
(ə.s) kəsilmiş mübarək başı onun qızı 6 yaşlı Səkinənin önünə
qoyulmuşdu. Bu hərəkət atasının ölüm xəbərinin təsiri altında olan
qızcığazın ölümünə səbəb olur.
Məhərrəm yası
Məhərrəm ayında müsəlmanların Şəhidlərin Şəhidi İmam Hüseynə (ə.s.) yas
tutmaları bu ayın matəm ruhunu müəyyənləşdirir. Məhz bu səbəbdən sabah
başlayacaq ayda səhər və axşam namazları arasında toy, nişan və s.
məclislərin düzənlənməsi, bayram tədbirləri və konsertlərin keçirilməsi
məsləhət görülmür. Lakin axşam namazından sonra toy məclisi keçirmək
olar. Bir şərtlə ki, orada musiqi səslənməyə, növraq-büsat olmaya: bu
da ən məcbğuri hallar üçün nəzərdə tutulub.
Yas tutmağa gəldikdə, bu barədə də Hz. Məhəmmədin (s.ə.s) şəriəti var.
Hey şübhəsiz ki, ölüm də digər faciə və bəlalar təki Allahın təqdir
etdiyi bir hadisə olduğu üçün, ona qarşı üsyan etmək olmaz. Onu səbr
ilə qarşılamaq gərəkdir. Hər nə qədər ölüm haqdırsa, gerçəklik ölümün
özünün iztirablı olmasıdır. Bu dünyadan və dünyadakılardan ayrılıq həm
ölən, həm də yaxınları üçün bir hüzn, bir dərddir.
İslamdan əvvəlki dönəmdə, cahiliyyə dövründə ərəblər arasında bir adət
vardı. Birinin ailəsinə bəla düşəndə, müsibət yaşananda ərəb qadınlar
bir yerə yığışaraq uca səslə hönkürər, vaveyla deyər, üzlərini cırar,
paltarlarını yırtar, saçlarını yolardılar.
Allahın Rəsulu (s.ə.s) isə bütün bunları qadağan etdi.
Heç bir hiss, duyğu, heç bir məhəbbət, hətta Allah rizasından dolayı
belə, Allahın buyurduğu tələblər və qoyduğu şəriəti dəyişdirməyə haqq
qazandırmaz. Təbii, hər insan bunu edə də bilər, amma Allahın rizası və
bərəkəti onunla olmaz.
Məhərrəm ayında nişan və elçilik olarmı?
Suala bilavasitə cavab verməzdən əvvəl xatırladaq ki, sabah başlanacaq
ayın adının mənası ərəb dilində "hörmət edilən, sayğıya layiq" deməkdir.
Bəzi din xadimlərimiz Məhərrəm ayında Aşuranın olduğunu və sevimli
imamımız Hz.Hüseynin (ə.s) şəhadətə yüksəldiyini deyərək, elçilik və
nişanların yolverilməz oldduğunu deyirlər.
Fəqət, belə deyil, çünki İslam baxımından belə yasağın heç bir əsası və ya əsli yoxdur.
İslamda "Lə ilahə illəllah", yəni "Allahdan başqa ibadətə layiq heç bir
məbud yoxdur" düsturu var. Belədirsə, insanlar və xüsusilə də möminlər
Allahın buyruqlarına şərtsiz əməl etməli, öz ayinlərini və adətlərini
Şəriətə pərçim etməməlidir.
Allah kişiləri qadınlar, qadınları da kişilər üçün yaradıb və bəşər
övladına "ailə" məfhumunu verərək başqa məxluqlardan ayıraraq uca
məqama yüksəldib.
Elçi getmək, nişan da ailə qurulmasının ilkin mərhələlərindən biridir.
Ona görə də Məhərrəm ayında elçi gedən və ya nişan edənlər günah iş
tutmurlar. Sadəcə, belə mərasimlərdə musiqi, şadyanalıq və içki
qadağandır.
Əslində spirtli içkilər qiyamətə qədər ilin hər günü müsəlmana haramdır.
Fitnənin yasaq buyrulduğu ay
Məhhərm ayında hər müsəlman dedi-qodu, münaqişə, kimisə incitmək, xətrinə dəymək kimi əməllərdən çox uzaq olmalıdır.
Habelə, söz-söhbət, münaqişə, incimə, küsməyə səbəb olacaq fitnədən də uzaq durmaq gərəkdir.
Unutmayın ki, Aşura günü İmam Hüseyn(ə.s) və onun 72 tərəfdarı Kərbala
düzündə şəhid oldu. Həmin gün İslam dinində həm matəm, həm də İslamın
qələbə çaldığı gündür. Həmin gün İslamın necə böyük din olduğunu
göstərirdi. Bu səbəbdən də Ramazan ayından sonra ən fəzilətli oruc
məhərrəm orucu sayılır.
Aşura orucunun özəlliyi
Məhərrəm ayının 10-cu günü hər mömin müsəlman oruc tutmalıdır ki, bunun
da adı "Məhərrəm orucu"dur. Müsəlmanlarla bahəm, yəhudi və
xristianlarda da həmin gün "böyük gün" sayılır.
Məhərrəm ayının 10-cu günü, yəni Aşura orucunun fəziləti böyukdür. Belə
ki, hədisi-şərifə görə, Hz. Məhəmməd (s.ə.s) buyurub: "Ramazan ayından
sonra ən fəzilətli oruc "Şəhrullah" (Allahın ayı) olan Məhərrəm ayının
orucudur. Fərz namazından sonra ən əfzəl (üstün) namaz gecə namazıdır"
(Müslim, Əbu Davud, Tirmizi).
Məhz bu səbəbdən də mömin müsəlmanlar Məhərrəm ayını "şəhrullah", yəni "Allahın ayı"adlandırırlar.
Hədislərdə o da buyurulur ki, Allahın Rəsulunun (s.ə.s) özü də Aşura
orucu tutarmış. Buna görə də Aşura gününün orucu digər sünnət oruclar
kimi müsəlmanlara buyrulmuş tələblərdən biridir.
Yeni il qeyd olunmalıdırmı?
Yeni il xrisian əsilli bayramdır və bu il Məhərrəm ayına təsadüf
etdiyindən onun təmtəraqla, şövqlə qeyd edilməsi məsləhət bilinmir.
Zəncir vurmaq olarmı?
Artıq bir neçə ildir Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə
islam əhlinə müracət edərək, insanları bədənə zülm edib qan çıxarmamağa
çağırır. Yəni son illər Aşura günündə müsəlmanlar qanvermə aksiyasına
dəvət olunur. Əgər Aşura günündə hər hansı bir ehtiyacı olan xəstəyə
qan yardımı göstərilirsə, bu, özünə qəsd edib əzab verməkdən dəfələrlə
yaxşıdır və savab işdir. Yaxşı olardı ki, səhhəti imkan verən bütün
müsəlmanlar bu savab işdə iştirak etsinlər