Bu məqalə nə kiminsə təxəyyülündən irəli
gəlmişdir, nə də daxili dünyasının təsəvvüründən. Bu hadisə Suriya ərəb
dövlətinin Hələb şəhərinin qəsəbələrindən birində baş vermişdir.
Soyuq dekabr günlərindən biri idi. Təhsil haqqını ödəmək üçün xırda
məişət əşyaları satan balaca Adəm həm aclıqdan, həm də yorğunluqdan
tir-tir əsirdi. Aclığa tab gətirə bilməyib ömründə birinci dəfə
tanımadığı evin qapısına yaxınlaşır. Özündə güc tapıb soyuqdan donmuş
balaca əlləri ilə qapının zəngini basır. Qapını cavan qadın açır. İmran
özünü itirdiyindən, nə edəcəyini bilməyib bir stəkan su istəyir. Amma
qadın onun ac olduğunu başa düşür, tez evinə qayıdır və bir stəkan isti
süd gətirir. Adəm südü iştahla içir və dərhal nə qədər verəcəyini
soruşur. Qadın deyir: Heç bir şey, anam bizə xeyirxah işlərə görə
kimsədən pul almamağı tapşırardı. Adəm təbəssümlə deyir: Onda mən sizin
mehribanlığınıza görə Allaha dua edəcəyəm. Adəm oranı tərk etdikdən
sonra özünü gümrah hiss etməklə yanaşı, Allaha olan imanı və etimadı da
güclənir. Üstündən neçə-neçə illər keçir. Adəmin yaşadığı məhəllədə çox
şeylər dəyişilir. Həmin qadın qocalıb xəstəlik yatağına düşür. Yerli
həkimlər qadının dərdinə əlac tapa bilməyib şəhərin mərkəzi
xəstəxanasına göndərirlər. Xəstəxananın baş həkimi Adəm Zəkir xəstəni
müayinə etmək üçün baş məsləhətçi olaraq dəvət olunur. O, xəstənin
haradan gətirildiyini eşitdikdə ağır keçirdiyi uşaqlıq illəri gözləri
önünə gəlir. Dərhal xəstənin yanına gəlir. Adəm palataya daxil olduqda
o saat bir vaxtlar ona mehribanlıq göstərən qadını tanıyır. Həkimlərlə
məşvərət etdikdən sonra, qadının müəyyən olunmayan xəstəliyinin
müalicəsinə xüsusi diqqət göstərməyə başlayır. Nəhayət, xəstəliyin
səbəbləri müəyyən edilib müalicə olunur. Doktor Adəm Zəkir qadının
xəstəxana hesabını ona gətirmələrini xahiş edir. Qəbzə nəzər saldıqdan
sonra altından nə isə yazıb öz imzasını qoyur və bundan sonra onun
qadına verilməsinə icazə verir. Qadın zərfi aldıqda onu açmağa belə
qorxurdu. Çünki yoxsulluq onu olduqca ağır vəziyyətə salmışdı. O, köhnə
evini satsaydı belə, yenə də qeyd olunan məbləği ödəyə bilməyəcəkdi.
Qadın üzünü Allahın dərgahına tutaraq Ondan kömək diləyir. Özündə
cəsarət tapıb zərfi açır və dərhal məbləğə nəzər salır. Məbləğin
altında əl ilə yazılan bu sözləri oxuyur: «Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir». Heyrətə
gələn qadın dərhal bir vaxtlar süd verdiyi balaca oğlanı xatırlayır.
Gözləri yaşla dolur və nə edəcəyini bilmir. Titrək səslə dəfələrlə bu
sözləri təkrar edir: «Allahım, şükür olsun Sənin kərəminə. Sən nə qədər
böyük, nə qədər əzəmətlisən. Allahım, şükür olsun Sənin birliyinə.
Allahım, Sən Öz bəndələrinə nə qədər mehriban və mərhəmətlisən…».
«Kim (dünyada) zərrə qədər yaxşı iş
görmüşdürsə, onu (onun xeyirini) görəcəkdir (mükafatını alacaqdır)».
(«Zəlzələ» surəsi,7-ci ayə)
Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Məhəmməd (s.ə.s) buyurur: «Kim
öz halal qazancından saf niyyətlə, hətta əgər bir xurma verərsə,
Allah-Təala onun əvəzini o qədər artırar ki, xurma dağ qədər böyüyər».