Nar-
Punicaceae fəsiləsindəndir. Onun ən qiymətli sortu eramızdan əvvəl
qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Narın müalicəvi
xassəsi eramızdan hələ çox-çox əvvəl assuriyalılara, misirlilərə,
yəhudilərə, yunanlara və romalılara məlum idi.
Eramızdan 1500 il
əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər.
Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur.
Narın növündən və sortundan asılı olaraq, meyvələri şirin və turş olur.
Nara turş dad verən onun şirəsindəki limon turşusudur.
Nar
meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə,
boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir. Cır
nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində
istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da
faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində ishala
və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər
xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər
xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir.
Azərbaycan
Dövlət Tibb İnstitutunda cır nar meyvəsinin şirəsinin antidiabetik
təsiri həm eksperimental, həm də klinik cəhətdən öyrənilmiş və müsbət
nəticələr əldə edilmişdir. Nar şirəsilə 10-12 gün davam etdirilən
müalicə nəticəsində xəstələrin hamısında ürək yanğısının azalması,
ağızda quruluğun və acılıq hissinin itməsi, başağrısının kəsilməsi kimi
müsbət dəyişikliklər müşahidə edilmişdir.
Xalq təbabətində nar
meyvəsinin qabıqlarından "nar qəzəli” adı ilə, eləcə də nar ağacının
gövdə və budaqlarının qabıqlarından toz formasında və sulu bişirmə
şəklində qurd əleyhinə dərman kimi istifadə edilir. Şəki rayonunda
narda iştah artırmaq üçün "nardaşa” adlanan şərbət hazırlanır. Həmçinin
cır nardan "narşərab” hazırlanır ki, bu da həzmetmə prosesinə kömək
edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir.
Nar
şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında istifadə
olunur. Nar şərbəti döş ağrıları zamanı, öskürək dərmanı kimi də qəbul
etmək olar.
Şirin nar meyvəsinin şirəsini böyrək xəstəliklərində, eləcə də temperaturu aşağı salmaq üçün içmək məsləhətdir.
Kəmşirin nar meyvəsinin şirəsindən böyrəklərdə və öd kisəsində daş bağlayan zaman istifadə olunur.
Nar şirəsi babasil xəstəliyini müalicə etmək üçün də faydalıdır. Xalq
təbabətində nar şirəsindən yel xəstəliyində sürtmə dərmanı kimi
işlədilir. Nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla
bərabər miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə
şəklində ağrıkəsici kimi işlədirlər.
Nar qabıqlarını və
çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina, diş ətinin
iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə
edirlər.