Nizami rayonunda partlayan binanın sakinlərinə yeni ev verildi
[
]
2009-10-31, 5:24 PM
Bakının Nizami rayonundakı, Naxçıvanski küçəsi 34 ünvanında yerləşən
binanın sakinləri bu gün təzə mənzillərinə köçdü. Xatırladaq ki, ötən
il, dekabrın 13-də, burada qaz sızmasından yaranan partlayış
nəticəsində 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdı. Hadisədən sonra
bina yararsız hala düşdüyündən onun sökülməsinə qərar verilmişdi və 1
ilə yaxın idi ki, sakinlər dövlətin ayırdığı vəsait hesabına kirayə
evlərdə qalırdı. Bu gün həmin ərazidə inşa edilmiş yeni yaşayış
binası sakinlərin ixtiyarına verilib. Nizami rayon İcra Hakimiyyətinin,
eləcə də Fövqəladə Hallar Nazirliyinin rəsmilərinin iştirakı ilə baş
tutan açılış mərasimində vətəndaşlara yeni mənzillərin açarları və
orderləri paylanıb.
Fövqəladə hallar nazirinin müavini
Orucəli Hacıyev bildirib ki, yaşayış evlərində qaz sızması ilə baş
verən bədbəxt hadisələrin qarşısını almaq üçün tezliklə mənzillərin
istismarı yeni qanunla tənzimlənəcək.
"Biz ninanı noyabrın
3-də təhvil verməyi planlaşdırmışdır. Amma bu gün istifadəyə verdik. O
biri bina panel idi, bu isə daş binadır. Daha keyfiyyətli və möhkəmdir.
Biz, şəhər icra hakimiyyəti, aidiyyatı qurumlar Azəriqazla yeni qanun
hazırlayırıq. Yəni qaza, təhlükəsizliyə kim nəzarət etməlidir bunlar
bilinəcək Ondan sonra hər bir idarə, qurum öz vəzifəsini biləcək".