Novruz Bayramında Bakı sakinlərini hansı sürprizlər gözləyir?
[
]
2011-03-13, 7:14 PM
Qız Qalası və üç məşəl...
Novruz bayramı münasibətilə Bakı şəhərində böyük bayram şənlikləri
təşkil olunacaq. Paytaxt rəhbərliyi martın 15-də İlaxır
Çərşənbə bayramı münasibətilə bayram tədbiri təşkil edəcək. Mərasim
həmin gün Qız Qalasının qarşında keçiriləcək. Qız Qalasının üzərində üç
məşəl yandırılacaq, tonqal qalanacaq, sonra konsert proqramı
başlayacaq. Konsertin sonunda isə dənizkənarı Milli Parkda atəşfəşanlıq
təşkil ediləcək.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Novruz
bayramı tədbirlərinə bu il də qızğın hazırlıq görülür. Nazirliyin
mətbuat katibi Zöhrə Əliyeva Narxoz.Az xəbər portalına açıqlamasında
bildirdi ki, bu il Novruz Bayramı daha təmtəraqlı keçiriləcək. Onun
sözlərinə görə, martın 20-də baş tutacaq bayram tədbirləri paytaxt
sakinləri üçün sürpriz şəklində hazırlanır: "Bayram tədbirləri
"İçərişəhər"dən başlayacaq, Qoşa Qala Qapısı, "Qız Qalası" və
Dənizkənarı Milli Parkda davam edəcək. Hazırda dənizkənarı Milli
Parkda, eləcə də Qız Qalası yaxınlığında məşqlər keçirilir. Onu deyə
bilərəm ki, Novruzun bütün siması bulvarda nümayiş olunacaq. Orada
Azərbaycan mətbəxi təqdim olunacaq, bölgələrdən gələn musiqi və folklor
kollektivləri çıxış edəcəklər. Eyni zamanda tədbirlər gün ərzində davam
edəcək”.
Novruzun muğam sədası...
Nazirlik rəsmisi deyir ki, 14-21 martda Bakı şəhərində təşkil olunacaq
Beynəlxalq Muğam Festifalı bu ilki bayram tədbirlərinə daha bir rəng
qatacaq: "Festifalla bağlı paytaxta qonaqların da gələcəyini nəzərə
alaraq, bu il bayram daha möhtəşəm təşkil olunur. Xarici qonaqlar
Novruz Bayramının azərbaycanlıların qanında, canında olduğunu bir daha
görəcəklər".
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Narxoz.Az xəbər portalına
bildirildi ki, Novruz bayramı münasibətilə qoruq ərazisində tədbirlər
keçiriləcək. Lakin İlaxır Çərşənbədə və martın 21-də baş tutacaq
tədbirlər Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən təşkil olunur.
Bulvar Novruz bayramına hazırlanır
Bayram tədbirlərinin əsas məkanı yenə də Milli Park olacaq. Dənizkənarı
Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib ki, hər il olduğu
kimi bu il də bulvar ərazisində bayram tədbiri keçiriləcək. İdarə
rəisinin sözlərinə görə, martın 20-də Milli Parkda baş tutacaq tədbirin
təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir. Nazirliyin tədbirlər
planını isə belədir: "Qız Qalasından Saat Qülləsinə qədər olan ərazidə
rayon və şəhərləri təmsil edəcək stendlər quraşdırılacaq, hər bir
rayona xas olan şirniyyat növləri, mətbəx və mədəniyyət nümunələri,
regionların adət-ənənələrinə uyğun foklor nümunələri nümayiş olunacaq.
Bizim idarə də bu tədbirlərin təşkilində öz imkanı, işçiləri və
texnikası ilə dəstək olacaq. Dekorasiyaların qurulmasına isə bayrama
iki-üç gün qalmış başlanılacaq”.
Qeyd edək ki, Novruz (farsca "yeni gün" mənasındadır) Şəmsi təqvimi ilə
yeni ilin başlanması bayramıdır, yazda gecə ilə gündüzün bərabər olduğu
günə təsadüf edir. Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim
günlərə çıxmış ən şən və gözəl, nikbin bayramlardan biridir. Qədim İran
şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə
mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Ölkəmizdə Novruz
bayramı bir çox türkdilli və müsəlman ölkələrində, o cümlədən Orta
Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Novruz bayramı,
birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri
xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət
və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.