Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xizək sürdülər
[
]
2011-02-28, 9:05 PM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban
Əliyeva Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli
kanat və xizək enişinin açılışında iştirak ediblər. Məlumat verilib ki,
Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında
başlanılıb.
Dövlət başçısının Qusar rayonuna səfəri çərçivəsində bu möhtəşəm
kompleksin təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyevin
birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun
Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm
Kompleksində inşaat işləri yüksək standartlara uyğun olaraq həyata
keçirilir. Tikinti işlərinin gedişinə Mədəniyyət və Turizm Nazirliyi
nəzarət edir.
Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin tikintisi
ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün
geniş imkanlar yaradacaq. Kompleksdə tikinti işlərini yerli və xarici
mütəxəssislərdən ibarət briqadalar yerinə yetirirlər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Dövlətimizin başçısı 2 nömrəli kanat yolunu sınaq məqsədi ilə işə
salıb. Azərbaycan Prezidenti və xanımı lift bazasının anbarı ilə də
tanış olublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xizək sürüblər.
Dövlətimizin başçısı idmanın və turizmin inkişafı istiqamətində həyata
keçirilən geniş infrastruktur layihələrindən biri olan Şahdağ Qış-Yay
Turizm Kompleksinin tikintisinin ölkəmiz üçün mühüm əhəmiyyət
daşıdığını qeyd edib.
Sonra Prezident İlham Əliyev inşaat işlərini həyata keçirən yerli və
xarici şirkətlərin rəhbərləri ilə müşavirə keçirib. İnşaatçılar görülən
işlərlə bağlı dövlətimizin başçısına məlumat veriblər.