Bu gün Xocalı soyqırımının baş verməsindən 18 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının
iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı
soyqırım da həyata keçiriblər. Bu faciə Dağlıq Qarabağ münaqişəsi
zamanı ermənilərin törətdiyi ən dəhşətli hadisələrdən biridir.
Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ
dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı
alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı
şəhərini işğal edib. Hücumdan əvvəl - fevralın 25-i axşam şəhər
toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə,
fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb.
Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam
rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün
içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən
613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım
nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613
nəfər Xocalı sakini qətlə yetirilib. O cümlədən, 8 ailə tamamilə məhv
edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini
itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq
olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Dövlətin və
əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5
milyard rubl dəyərində ziyan vurulub.
Bu hadisələr Azərbaycanda ve Türkiyədə "Xocalı soyqırımı", "Xocalı
faciəsi" kimi adlanır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü",
"Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı
"Xocalı qətliamı" (ingilis dilində "Khojaly Massacre", fransız dilində
"Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir.
Dəhşətli qətliamı öz gözləri ilə görən xarici mətbuat da müşahidə
etdikləri vəhşilikdən dəhşətə gələrək çalışdığı mətbu orqanlarda
yazılar dərc etdiriblər. Onlardan bəziləri bunlardır:
"Krua l Eveneman” jurnalı (Paris), 29 fevral 1992-ci il: "Ermənilər
Xocalıya hücum ediblər. Bütün dünya eybəcər hala salınmış meyitlərin
şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər”.
"Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il: "Erməni əsgərləri minlərlə ailəni məhv ediblər”.
"Tayms” qəzeti (London), 4 mart 1992-ci il: "Çoxları eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb”.
"İzvestiya” (Moskva), 4 mart 1992-ci il: "Videokamera qulaqları
kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi.
Kişilərin skalpları götürülmüşdü”.
"İzvestiya” (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: "Mən
şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər
tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.
"Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: ”Ağdamda olan xarici
jurnalistlər, Xocalıda öldürülən qadın və uşaqlar arasında skalpları
götürülən, dırnaqları çıxarılan 3 nəfəri görüblər. Bu azərbaycanlıların
təbliğatı deyil, bu reallıqdır”.
"Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: "Bu "muxtar
regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə
müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın
Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər
yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı
azərbaycanlıları məhv ediblər”.
R.Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti
(hadisə yerində olub): ”Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin
gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.