Yeni il bayramını
al-əlvan, bərli-bəzəkli yolkasız təsəvvür etmək qeyri-mümkündür.
Əlbəttə, bu yolka təbii küknar ağacından olsa daha gözəl olardı. Amma
təbiəti qorumaq xatirinə süni yolkalarla da keçinmək olar. Bəs Yeni il
bayramında yolka bəzəməyin mənası nədir?
Çoxları yolka bəzəmək ənənəsini də
xristian dini ilə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan yolkanın
bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə
bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri
dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə
gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi.
Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla
bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış
bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş
həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının
rəmzi idi. Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf
edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni
il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları
rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu
adət bütün Avropaya yayılır. Amerikaya yolkanı burada məskunlaşan
almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə
yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il
Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə
yolka bütün dünyada məşhurlaşıb.
Hazırda hər bir xalqın özünəməxsus yolka bəzəmək adəti var. Onlardan bir neçəsi aşağıdakı kimidir.
Meksika – Bu ölkədə ən məşhur yeni il bəzəyi İsa Peyğəmbərin doğulmasını əks etdirən kompozisiyadır. Qvatemala – Burada da əhali əsasən
İncildən olan səhnələr əks edilmiş bəzəklərdən istifadə edirlər.
Bəzədilən yolkanın altına uşaqlar üçün hədiyyələr qoyulur. Qrelandiya– iqlimindən asılı olaraq
burada şam ağacı bitmir. Amma bu sakinlərə yeni ili yolkasız
qarşılamağa mane olmur. Kənardan gətirilən ağac əl-əlvan bəzdilir.
Adətən bəzək əşyası kimi şamlardan və əlvan lentlərdən istifadə edilir. Braziliya – Bu ölkə bayramı isti
havada qeyd edir. Bunun üçün də yolka ağ pambıqla bəzədilir. Bu mülayim
havada qar effekti yaratmaq üçün nəzərdə tutulub. İrlandiya – bu ölkədə yeni ildə qış
əsl üzünü bol qar və kəskin şaxta ilə göstərir. İrlandiyalılar
yolkalarını isti rəngli oyuncaqlarla bəzəməyə üstünlük verirlər.
Yolkanın başına isə mələk və ya ulduz asırlar. Qapılara isə kiçik
rəngli lentlərlə bəzədilmiş güllər asılır. İsveç – isveçlilər bayramdan əvvəl
yolka bəzəməyi sevmirlər. Onlar yolkanı düz bayram günü alırlar. Ağac
əsasən küçədə qurulur. Yolka günəş, ulduz və qar dənəsi kimi bəzəklərlə
bəzədilir.
Qeyd edək ki, Yeni il münasibəti bir çox
ölkələrin mərkəzi meydanlarında böyük yolkalar qurulur. Bu il dünyanın
ən böyük yolkası Meksikada qurulub. Ağacın hündürlüyü 110 metrdir.